“Orxan Kərimov uşaqlarının yanında ölüb” - Təfərrüat

“Orxan Kərimov uşaqlarının yanında ölüb” - Təfərrüat
  21 İyul 2015    Oxunub:17918
“Orxan Kərimov 6 aydır xərçəng xəstəliyindən əziyyət çəkirdi. Son günlər vəziyyəti daha da ağırlaşmışdı. Amma onun ölümünü heç gözləməzdik”
Bunu AzVision.az-a açıqlamasında ötən gün dünyasını dəyişən Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin sabiq müdir müavini, şair Əli Kərimin oğlu Orxan Kərimovun qohumu Allahverdi Namazov deyib.

Onun sözlərinə görə, Orxan Kərimov övladlarının gözü qarşısında dünyasını dəyişib.

“Altı ay olardı ki, Orxan xərçəng xəstəliyinə tutulmuşdu. O, müalicə olunurdu. Son vaxtlar isə Orxanın səhhəti daha da ağırlaşmışdı. Orxanın iki övladı var. Oğlunun 14, qızının isə 5 yaşı var. O, övladlarının gözü qarşısında dünyadan köçüb getdi. Orxan heç yerdə işləmirdi. İş yoldaşları və atasının dostları yas mərasimində iştirak etmirlər. Orxan yaşasaydı, 49 yaşı olacaqdı”.

Qeyd edək ki, Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin sabiq müdir müavini Orxan Kərimli 2011-ci il iyunun 6-da həbs olunmuşdu. Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunan Orxan Kərimliyə qarşı 2012-ci ilin yanvarında külli miqdarda rüşvət alma və təkrar rüşvət alma bəndləri ilə yeni ittiham da irəli sürülmüşdü.

2006-cı ildən Təhsil Nazirliyində işləməyə başlamış Orxan Kərimli isə bu ittihamları rədd edərək, sifarişlə, qondarma iddialar əsasında həbs olunduğunu bildirirdi.

2012-ci il iyunun 21-də Orxan Kərimli barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib. Məhkəmədə halı pisləşən O.Kərimli barəsində Prezident Administrasiyasına məruzə olunduqdan sonra oradan verilən göstəriş əsasında məhkəmə onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi və müalicəyə göndərilməsi barədə qərar qəbul edib.

Müalicə olunmaq səbəbi ilə azadlığa buraxılan O.Kərimli 2012-ci il iyunun 27-də Mərkəzi Klinikada ürəyindən əməliyyat olunub. Qeyd edək ki, bu O.Kərimlinin üçüncü ürək əməliyyatı idi. . Onun ürəyinə 2 dəfə stend qoyulmuşdu. Üçüncü əməliyyat ürəyin tac damarının 97 faiz daralmasından sonra aparılıb.

Mərhumun iki azyaşlı övladı var.

Allah rəhmət eləsin!

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti