Jurnalistlərdən İlham Əliyevə təşəkkür

Jurnalistlərdən İlham Əliyevə təşəkkür
  21 İyul 2015    Oxunub:4570
İyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyevin KİV nümayəndələri ilə bağlı imzaladığı 4 sərəncam ümumilikdə 180 jurnalisti əhatə edib.

AzVision.az-ın məlumatına görə, 1 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 4 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 91 nəfər “Tərəqqi” medalı ilə təltif olunub. Bundan başqa 44 nəfər “Əməkdar jurnalist”, 17 nəfər “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülüb. Həmçinin 2 nəfər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, 21 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Prezidentin sərəncamı ilə mükafatlandırılan jurnalistlər təssüratlarını AzVision.az-la bölüşüblər.

Sevindirici haldır ki, saytımızın baş redaktoru Vüsal Məmmədov da “Tərəqqi” medalı ilə təltif olunub.

Baş redaktorumuzun təəssüratları belə oldu: “İnsanın, böyük çıxmasın, zəhmətinə qiymət verilməsi həmişə xoş və gözəldir. Amma burada əsas məsələ odur ki, dövlətin mediaya bu cür yanaşması jurnalistikanın əvvəlki hörmətini özünə qaytarır. Ən çox buna sevinirəm. Mən jurnalistikanın hörmətdən düşdüyü dövrün acısını yaşayan nəslin nümayəndəsiyəm. Amma son illərdə jurnalistliyin yenidən nüfuzlu və samballı peşəyə çevrildiyini gördüyüm üçün xoşbəxtəm. İlk növbədə buna, sonra isə əlbəttə ki, mənim özümə verilən dəyərə görə dövlətimizə və onun başçısına minnətdaram.

Ölkə başçısının sərəncamı ilə “Əməkdar jurnalist” adına layiq görülən ANS TV-nin xüsusi müxbiri Ləman Ələşrəfqızı hesab edir ki, bu adı əməyi ilə qazanıb: “Cənab Prezidentə minnətdaram! ANS rəhbərliyinə minnətdaram! Və nəhayət, özümə də minnətdaram. Mən bu “Əməkdar jurnalist” adını həqiqətən əməyimlə qazandım. Bu gün hamının gözünə dik baxıb "bu adı xahişsiz, minnətsiz, təmənnasız qazanmışam" deyə biləcək kəslərdənəm. Sevincimə şərik olduğunuz üçün təşəkkürlər! Çox sağ olun, əziz insanlar!”

“Tərəqqi” medalı ilə təltif olunan “Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə də göstərilən etimada görə, çox sevincli olduğunu bildirib: “Mükafatlandırıldığıma görə, çox sevincliyəm. Mill Mətbuatın 140 illik yubileyi münasibəti ilə “Tərəqqi” medalı ilə təltif olunduğuma görə, cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu, mənim üçün çox böyük mükafatdır. Jurnalist kimi fəaliyyətim dövrümdə bu ada layiq olmağa çalışacam. Hesab edirəm ki, təltif olunmaq bir insanın əməyinə verilən qiymətdir, dəyərdir. Əməyimin bu şəkildə qiymətləndirilməsi mənə əlavə stimul verir. Mükafat almaq gözəl hisdir.

Azərbaycanda jurnalitlərə, jurnalistikaya yüksək qiymət verilməsi ənənə halını alıb. Cənab prezident İlham Əliyevin jurnalistlərin, jurnalistikanın sosial-iqtisadi, maliyyə-texniki, yaradıcılıq problemlərinin həllini daim diqqət mərkəzində saxlaması, KİV-ə Dəstək Fondunun yaradılması, qəzetlərə maliyyə yardımının ayrılması, jurnalistlər üçün bir binanın tikilib istifadəyə verilməsi, yeni bir binanın inşasının davam etməsi, yubiley illərində jurnalistlərin təltif olunması, səhhətində problemləri olan jurnalistlərin müalicəsinin dövlət hesabına aparılması və.s buna bariz nümunədir. Cənab Prezident İlham Əliyevə, onun rəhbərliyi ilə həyata keçirilən bu siyasətdə əməyi olan hər kəsə təşəkkür edirəm”.

“Tərəqqi” medalı ilə təltif olunan “Palitra” qəzetinin müxbiri Fuad Hüseynzadə isə bildirib ki, göstərilən etimada layiq olmağa çalışacaq: “Əlbəttə ki, Prezident İlham Əliyev tərəfindən verilən sərəncamla təltif olunmaq çox böyük sevincdir. Sanki illərlə damla –damla yığılan sevinc hissini yaşayırsan. Sevinirəm ki, bu vaxta kimi jurnalistika fəaliyyətimdə ən yüksək mükafat layiq görülmüşəm. Cənab Prezidentə buna görə təşəkkür edirəm. Bu təltif dövlət başçısının əməyimə verdiyi əvəzedilməz qiymətdir. Bu, həmçinin dövlət başçısı tərəfindən mənə göstərilən etimaddır. Cənab Prezidentin bu etimadını doğrultmağa çalışacağam.

“Əməkdar Jurnalist” adına layiq görülən “Kaspi” qəzetinin müxbiri Təranə Məhərrəmova deyir ki, jurnalist olmaq, insanları tanımaq, milli jurnalistikamıza xidmət etmək nə qədər şərəflidirsə, bu sahədə jurnalistin əməyinin dövlət tərəfindən qiymətləndirilməsi də o qədər gözəl hissdir: “Jurnalist peşəsini özünə sənəd seçənlər və özünü bu sahəyə həsr edənlər bir gün o sevinci hiss edirlər. Amma gərək bu sahədə obyektivliyini itirməyəsən. Qərəzli olmayasan. Jurnalistikanın qızıl qanunlarını tapdamayasan. Həmişə fakta söykənəsən. “Kaspi” qəzetində çalışdığım 17 il müddətində mən bu qaydaları pozmadım və bundan sonra da riayət edəcəyəm. Mənim əməyimi qiymətləndirdiyinə görə ölkə başçısına və “Kaspi”nin rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Demokratik Jurnalistlər Liqasının rəhbəri, jurnalist Yadigar Məmmədli vurğulayıb ki, cənab Prezidentin Milli Mətbuatımızın 140 illik yubileyi münasibətilə bir qrup jurnalistin mükafatlandırılması ilə bağlı Sərəncamı dərc olunduğu andan əksər jurnalistlərin diqqət mərkəzindədir və demək olar ki, dünəndən gündəmi zəbt edib: “Bu da ona görədir ki, jurnalistlər arasında həmrəylik yüksək səviyyədədir. Uzun illər media sahəsində fədakarlıqla fəaliyyət göstərən jurnalistləri mükafatlandırdığına görə Cənab Prezidentə təşəkkür edirəm. Bu dövlətin və dövlət başçısının mediaya göstərdiyi diqqət və qayğının bariz nümunəsidir”.

“Əməkdar Jurnalist” adına layiq görülən Lider televiziyasının “Səda” xəbərlər proqramının aparıcısı Mehman Mehdiyev deyir ki, bu, gözəl hissdir: “Dünəndən həyəcanlıyam, səhərə qədər dostlardan, yaxınlardan təbriklər alıram. Mənimlə sevinən insanlara təşəkkürümü bildirirəm. Əslində, dostlar gözəl günlərdə tanınır... Bu yola çıxmazdan əvvəl mükafatı düşünmədim. Sadəcə sevdim jurnalistikanı və zəhmət çəkdim. Yorulmadan bu gün də sevə-sevə bu işi davam etdirəcəyəm, İnşaallah. Nəticədə əməyinə qiymət veriləndə sadəcə sevinirsən və deyirsən əməyim hədər getmədi! Bu ada-əməkdar jurnalist fəxri adına layiq görüldüyüm üçün cənab Prezident İlham Əliyevə ailəmiz adından təşəkkürümü bildirirəm”.

“Tərəqqi” medalına layiq görülən media mənsublarından olan Qhtxeber.az portalının baş redaktoru Sənan Nəcəfovun təəssüratları belə oldu: “Hisslərimi, həyacanımı sözlə izah edəcək qədər söz bazasına malik deyiləm. Baxmayaraq ki, 18 ildir mətbuatdayam. Bu sənədi imzalayan Cənab Prezidentə sonsuz təşəkükrümü çatdırıram. Bu mənim aldığım ən böyük dövlət mükafatımdır. Bu mükafatı mənim üçün dəyərli edən məhz Prezident İlham Əliyevin imzasıdır.

Güclü dövlət, onun bütün demokratik institutlarının güclü olması deməkdir. Vətənaş Cəmiyyəti güclü olan dövlətin sütunlarının da güclü olduğu kimi, medianın da azad, müstəqil və rəqabətə davamlı olması eyni məntiqlə xarakterizə edilə bilər. Bu gün milli mətbuatımızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi həmin sütunların daha da möhkəm olması üçün atılan məqsədyönlü addımlardandır. Bildiyimiz kimi Azərbaycan hökumətinin KİV-ə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Dövlət başçısı İlham Əliyev dəfələrlə sübut edib ki, dövlətimiz demokratiyanın əsas atributlarından olan söz və məlumat azadlığının inkişaf etdirilməsində, KİV-lərin iqtisadi müstəqilliyinin gücləndirilməsində, ölkədə azad və plüralist medianın inkişafında maraqlıdır və qarşıda duran vəzifələri tam məsuliyyətlə və yüksək səviyyədə yerinə yetirir“.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti