“Qarabağın həlli prioritet olmalıdır” - Donald Tusk
"Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir". AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
“Biz ümidvarıq ki, Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda həllini tapacaq. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik. Münaqişənin həlli fəaliyyətimizin prioriteti olmalıdır. Biz ATƏT çərçivəsində aparılan Minsk prosesini dəstəkləyirik”, - deyə D. Tusk qeyd edib.
`Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşlarındandır. Biz gələcəkdə atacağımız addımlar barədə danışdıq. Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır və biz bu tərəfdaşlığı davam etdirmək istəyirik` - söyləyən Donald Tusk fikirlərini belə davam etdirib:
“Biz ikitərəfli sazişlərimizi həyata keçirmək üzrəyik. Bu baxımdan strateji əməkdaşlıq sazişi mühüm rol oynayır”.
D. Tusk Azərbaycan prezidenti ilə viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə etdiyini və bu ilin sonunadək danışıqların yekunlaşacağını bildirib.
“Azərbaycanın Şengen zonasına daxil olmasını istəyirik. Xalqlar bu və ya digər ölkələrdən sərbəst səfərlər etsinlər. Biz belə bir razılığa gəldik ki, viza rejimi sadələşdirilsə, çoxtərəfli giriş-çıxışlı Şengen vizalarının verilməsi asanlasdırılacaq”, - deyə o vurğulayıb.
Aİ prezidenti bundan sonra da Aİ-Azərbaycan əməkdaşlığı və tərəfdaşlığının davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.







Vaxtında, Aydın, Lazımlı!


