
Öz növbəsində D. Tusk bildirib ki, Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşlarındandır və Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvo qəbuledilməzdir. İndi bir sual daha çox əhəmiyyət kəsb edir ki, D. Tuskun bu səfəri Aİ-nin Azərbaycan qarşı tutduğu ədalətsiz mövqedən sonra münasibətlərdə yaranan soyuqluğu aradan götürə biləcəkmi? Həqiqətənmi Aİ Dağlıq Qarabağdakı hazırkı status-kvonun qalmasında maraqlı deyil?.
AzVision.az bu suallarla siyasi şərhçilərə müraciət edib.
Səfəri şərh edən politoloq Rasim Musabəyov hesab edir ki, hazırkı dövrdə Aİ Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində maraqlı deyil: “Belə hiss olunur ki, Avropa İttifaqı hələlik Dağlıq Qarabağ problem ilə nəinki məşğul olmaq, heç hüquqa əsaslanan mövqe ortaya qoymağa belə hazır deyil. Aİ rəsmiləri konfiliktin dinc yolla həllini tapması kimi ümumi ifadələrə yer verir. Ancaq, işğalçını öz adı ilə çağırmaqdan boyun qaçırırlar. Ona görə də hesab edirəm ki, hazırda Aİ-nin başı daha çox Ukrayna və Yunanıstan böhranına qarışıb. Yəni, indiki mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlı Aİ-dən səy gözləməyə dəyməz”.

Səfərin əhəmiyyətinə gəlincə isə R. Musabəyov bunları deyib: “Əvvəlcə elan olunmuşdu ki, Donald Tusk Ermənistan və Gürcüstana səfər edəcək. Ancaq, anladılar ki, Cənubi Qafqazın üçdə ikisi Azərbaycan əraziləridir, iqtisadiyyatının dörddə üçü Azərbaycanın payına düşür, Azərbaycanın-Aİ ilə ticarət dövriyyəsi Ermənistan və Gürcüstanın birlikdə dövriyyəsindən çoxdur. Anladılar ki, Donald Tuskun nümayişkaranə Ermənistan və Gürcüstana gəlməsi əlaqələrin tamamilə pozulmasına gətirib çıxara bilər. Bunu gözə almayan Aİ rəsmisi Azərbaycana da gəldi. Ermənistan və Gürcüstan Aİ-dən nəsə umur. Azərbaycan isə Aİ-yə fayda verən tərəfdir. Ona görə də Azərbaycanla münasibətlər qarşılıqlı maraqlar əsasında qurulmalıdır. Yəni, yuxarıdan aşağı, müəllim-şagird münasibətləri şəkilində həyata keçirilə bilməz. Ona görə də Donald Tusk bəyan etdi ki, ikitərəfli sazişlər həyata keçirilmək üzrədir”.
Politoloq Arzu Nağıyev isə qeyd edib ki, Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri müsbət bir hal kimi qarşılanmalıdır: “Bu səfər Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Görüşdə siyasi və iqtisadi məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də fikir mübadiləsinin aparılması bu səfərin vacibliyini göstərdi. Əlbəttə bir az əvvəl bir sıra insan haqları ilə bağlı qeyri obyektiv fikirlər səsləndirən Avropanın bir neçə qurumlarının da mövqeyinə aydınlıq gətirilməsi bu səfər çərçivəsində mümkündür. Düşünürəm ki,bu səfər Azərbaycanla Avropa Birliyi arasında gələcək üçün də mühüm rol oynayacaq”.

Səfərin Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir göstərəcəyi ilə bağlı suala isə politoloq belə cavab verib: “Bildiyiniz kimi ATƏT-in Minsk qrupunun həmsədrləri də bu gün regiondadırlar. Artıq bu mnüaqişə ocağının söndürülməsi bütün dünyanı, eyni zamanda Avropanı da narahat etməyə bilməz. Bu münaqişədə status-kvonun saxlanması bütün regional iqtisadi layihələrin də həyata keçirilməsinə əngəl törədir. Məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin sərt mövqeyi başa düşüləndir. Münaqişə 20 ildən artıqdır ki, davam edir. Prezidentin də qeyd etdiyi kimi “Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağ və 7 ətraf rayon 20 ildən artıqdır ki, erməni işğalı altındadır. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ ərazisini və 7 ətraf rayonu işğal edib və milyondan artıq azərbaycanlı bu təcavüzün qurbanına çevrilib və qaçqın, məcburi köçkün vəziyyətinə düşüb. Təsəvvür edin ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Ancaq, bu qətnamələr illərdir yerinə yetirlmir. Artıq yetər. Bu məslələrə son qoymağın vaxtıdır. Bu baxımdam Prezidentin mövqeyi təqdirə layiqdir”.
Ekpertlərin də şərhlərindən aydın olur ki, hazırkı dövrdə Aİ-ni münaqişənin həll edilməsi üçün maraq və istəkləri yoxdur. Aİ-Azərbaycan münasibətlərinə gəlincə isə ölkə başçısının ardıcıl və qətiyyətli addımları öz bəhrəsini verməkdədir.
Elvin Abdulqədirov







Vaxtında, Aydın, Lazımlı!


