Bakının ən ucuz evləri

Bakının ən ucuz evləri
  20 Avqust 2015    Oxunub:5008
2015-ci ilin iyul ayında təkrar mənzil bazarında təklif həcmi -12% azalıb. İyun ayında ümumi təkliflərin sayı 1 590 olduğu halda, bu rəqəm iyul ayında 1 397 təşkil edib.
Bu barədə AzVision.az-a “MBA Consulting Group” konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, mənzil bazarında hiss edilən durğunluq əmlak bazarında qiymətlərin nisbətən enməsi ilə yanaşı tələbin azalmasına da gətirib çıxardıb. Tələbin azalması ilə yanaşı dünya və daxili bazardakı son dəyişikliklər də Bakının əmlak bazarına təsirsiz ötüşməyib. Consulting direktoru onu da deyib ki, neftin qiymətinin ucuzlaşma prosesinin davam etməsi və şimal qonşumuz olan Rusiya iqtisadiyyatında müşahidə edilən durğunluq Bakının mənzil bazarına da mənfi təsir göstərib:

“Əmlak bazarında sürən passivliyin nəticəsi olaraq təklif olunan mənzillərin sayında da azalma müşahidə edilib. Təkrar mənzil bazarında qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə -35.0% azalıb. Nəsimi, Nərimanov və Yasamal rayonlarının təklif portfelindəki payı mütləq çoxluq təşkil edib və onların ümumi payı 54% bərabər olub.
Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1500 $/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 43%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 1188 $/kv.m-dir.



Ümumi təklif portfelinin 39.4%-ni 1500-2000 $/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 1739 $/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 2000 $/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 17.6% təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 2320 $/kv.m təşkil edib”.

N. İbrahimov qeyd edib ki, təklif üzrə ən çox azalma 3 otaqlı mənzillərdə müşahidə olunub:

“Otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə 2, 3 və çoxotaqlı otaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çox azalma 3 otaqlılar üzrə qeydə alınıb. 1 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Təkliflə yanaşı otaqlar üzrə qiymət azalması 2 otaqlı mənzillərdən başqa digər müxtəlif otaqlı mənzillərdə baş verib.

Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “yeni tikili” layihəli 4 otaqlıda qeydə alınıb. “28 May” metro stansiyası yaxınlığında yerləşən 160 kv.m sahəyə malik olan, yaxşı təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 4 100 dollar təşkil edib.



Ən ucuz mənzil isə Abşeron rayonunda, Masazır qəsəbəsində yerləşən orta təmirli 72 kv.m-lik sahəyə malik “yeni tikili” layihəli, 1 otaqlı mənzildə qeydə alınıb, 580 USD/kv.m.”-deyə`- şirkətin direktoru qeyd edib.

N. İbrahimov onu da bildirib ki, hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “pod moyak” mənzillərin sayında Nəsimi, Xətai və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edir və bu 3 rayonun ümumi təklif portfelindəki payı birlikdə 64.1%-ə bərabərdir.

İlkin yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 2 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Consalting direktorunun sözlərinə görə, Səbail rayonunda, “Sahil” m/st yaxınlığında yerləşən 99 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 2800 dollar təşkil edib. Ən ucuz mənzil isə, Sabunçu rayonunda, Zabrat qəsəbəsində qeydə alınıb. Ümumi sahəsi 80 kv.m olan 2 otaqlı yeni tikili 450 dollar/kv.m. olub.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  



Xəbər lenti