Lisenziyalaşdırma prosedurları necə asanlaşacaq?

Lisenziyalaşdırma prosedurları necə asanlaşacaq?
  07 Sentyabr 2015    Oxunub:2292
Dövlət başçısının dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində fərmanı Azərbaycan cəmiyyətində, ekspert dairələrində çox mütərəqqi addım, korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli təşəbbüs kimi qiymətləndirildi.
Bu fərmanla nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nə verəcək? Azərbaycanda hazırda lisenziyalaşdırma ilə bağlı vəziyyət necədir? Fərmandan sonra nələr dəyişəcək?

AzVision.az strateq.az- a istinadən xəbər verir ki, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev mövzu ilə bağlı bu və digər suallara aydınlıq gətirib.

16-cı istiqamət

Ə.Nuriyevin sözlərinə görə, Azərbaycanda hökumətin antikorrupsiya siyasətini təhlil edən yerli və əcnəbi ekspertlər artıq xeyli müddətdir ki, hökumətin diqqətini lisenziyalaşdırma prosedurlarının sadələşdirilməsi, bu sahədə mövcud praktikanın təmilləşdirilməsi, yeni yanaşmaların tətbiq edilməsinin vacibliyinə cəlb etməyə çalışırdı: “3 il əvvəl 2012-ci ildə yeni “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” hazırlananda vətəndaş cəmiyyəti bu prosesə fəal cəlb edilmişdi və lisenziyalaşdırma sahəsində yeni yanaşmaların tətbiqi ilə bağlı tədbirlərin Milli Fəaliyyət Planında əks olunması ilə bağlı müzakirələr apardıq. Korrupsiyaya Qarşı Mübarizə üzə Komissiyanın da təklifləri vardı. Sonda Milli Fəaliyyət Planında bununla bağlı ayrıca bir istiqamət qeyd olundu. “Lisenziya və icazə vermə, sertifikatlaşdırma işinin təkmilləşdirilməsi” adlanan 16-cı istiqamət üzrə 4 tədbirin həyata keçirilməsi nəzərdə tutulurdu”.

Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı

Ekspet qeyd etdi ki, lisenziyalaşdırma prosedurları biznes mühitinin vəziyyətinə, sahibkarlığın inkişafı potensialına və mövcud imkanlardan yararlanmağa çox böyük təsir göstərir. Eyni zamanda müşahidələr, monitorinqlər göstərirdi ki, ənənəvi metodlarla bu sahədə korrupsiya hüquqpozmalarına qarşı səmərli mübarizə aparılması mümkün olmayacaq: “Azərbaycanda hüquqi və fiziki şəxslərdən ibarət biznes subyektləri üçün tətbiq edilən icazə növləri və onların sayına gəldikdə isə qeyd etməliyik ki, 2013-cü ilə olan məlumata görə qanunvericilikdə 46 icazə, 1 ekspertiza təyinatı, 90 xüsusi razılıq (lisenziya), 27 xüsusi icazə, 1 təsdiqedici qeyd, 2 texniki talon, 3 texniki şərt, 1 texniki baxış aktı, 2 sərəncam, 39 şəhadətnamə, 13 sertifikat, 19 rəy, 3 rəsmiləşdirilmə, 2 razılıq, 4 razılaşdırma, 2 qeydiyyata alınma sənədi, 3 texniki pasport, 47 digər növ icazə sənədi olmaqla toplam icazələrin sayı 305-ə çatmışdı. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı isə 59 idi. Göründüyü kimi, icazələrin verilməsi, lisenziyalaşdırma çox böyük bir arealı əhatə edir. Miqyas çox genişdir. Bu sahədə təkmilləşdirmələr üçün məhz yeni yanaşma tələb olunurdu.

Bu baxımdan sözügedən Prezident fərmanı sahibkarlıq mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, korrupsiya hüquqpozmalarının azalması və şəffaflığın səviyyəsinin artması baxımından innovativ yanaşma və çox mütərrəqi addım oldu.

Bu addım eyni zamanda Prezidentin korrupsiyaya qarşı mübarizə sahəsində ən yeni mexanizm və alətlərinin tətbiqi, institusional islahatların aparılması, elektron hökumət konsepsiyasının gerçəkləşdirilməsi, dövlət xidmətlərinin göstərilməsi ilə bağlı innovativ modellərin, yanaşmaların tətbiqi istiqamətində addımlar atılması prioitetini bir daha nümayiş etdirdi”.

Etibarlı icraçılar

Ə.Nuriyev hesab edir ki, lisenziyalaşdırma sahəsində elektron xidmətlərin təşkilinin, “Elektron lisenziya” portalının yaradılmasının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilməsi bu sahədə əsaslı dönüş yaranacağına əmin olmağa imkan verir: “Dövlət başçısının təşəbbüsü ilə yaradılan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi öz fəaliyyəti ilə “ASAN xidmət” mərkəzlərinin işinin təşkili, elektron xidmətlərin təşkili, təkmilləşdirilməsi ilə bağlı çox uğurlu nümunələr ortaya qoyub. “ASAN xidmət" Azərbaycan məhsulu, brendi olaraq beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək maraq və rəğbətlə xarakterizə olunur. Təsadüfi deyil ki, "ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülüb. “ASAN xidmət” Avropa İttifaqı ölkələrinə model kimi təqdim olunub. İSO 9001:2008 standartı üzrə keyfiyyətin idarə olunması ilə bağlı beynəlxalq dərəcəli sertifikata layiq görülüb.

İqtisadiyyat və Sənaye Nazirliyi də indiyə qədər lisenziyalaşdırma sahəsində yeniliklərin tətbiqi üçün addımlar atıb. Azərbaycan Respublikası Prezidentinin 03 mart 2014-cü il tarixli “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına müvafiq olaraq biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılıb və dünyanın qabaqcıl beynəlxalq təcrübələri nəzərə alınmaqla 8 istiqamət üzrə modellər təhlil edilib. Müvafiq təkliflər paketi hazırlanıb və hökumətə təqdim olunub”.

Sahibkarların işi çox asanlaşacaq

Hazırda icazeler.gov.az saytının fəaliyyət göstərdiyini xatırladan ekspert bildirib ki, 2014-cü ilə olan məlumata görə, icazələrin elektron informasiya portalından ümumilikdə 325.940 istifadəçi yararlanıb: “2012-ci il 15 mart tarixindən 20 dövlət qurumu tərəfindən təqdim edilmiş ümumilikdə 145 qanunvericilik aktının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib, 2014-cü il ərzində portalın xidmətindən ümumilikdə 47.320 istifadəçi yararlanıb, 6 dövlət qurumunun təqdim etdiyi 13 qanunvericilik aktının layihəsi ictimai müzakirə üçün portalda yerləşdirilib.

Eyni zamanda Nazirlər Kabinetinin 191 saylı qərarı ilə təsdiqlənmiş "Elektron xidmət növlərinin Siyahısı"nda 38 lisenziya və icazənin verilməsi sahəsində elektron xidmətlərin təşkili göstərilib. Elektron Hökumət Portalından istifadə ilə bağlı statistik məlumatlarda lisenziya və icazələrin verilməsi ilə əlaqədar elektron xidmətlər populyar xidmətlər siyahısında yer alımır. Bu, lisenziya və icazələrin verilməsi ilə əlaqədar elektron xidmətlərin çox az hissəsinin interaktiv olması ilə izah olunur. Bu istiqamətdə xidmətlərin 80-faizdən çoxu informativ xarakterlidir və eyni zamanda ilkin sənədlərin elektron qaydada əldə edilməsinə imkan yaradır.

Ümumiyyətlə, aparılan təhlillər göstərirdi ki, lisenziya və icazələrin verilməsi ilə əlaqədar elektron xidmətlərin təşkili sahəsində elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı proses digər xidmətlərlə müqayisədə xüsusən daha ləng gedirdi. Prezidentin 31 avqust fərmanından sonra isə vəziyyət köklü şəkildə dəyişəcək və lisenziyalaşdırma sahəsində elektron ximətlərin tam tsikli tətbiq ediləcək. Bu korrupsiyanın miqyasını xeyli məhdudlaşdırmağa, sahibkarların vaxtına qənaət etməyə, xərcləri azaltmağa, şəffaflıq səviyyəsini yüksəltməyə imkan verəcək”.

Ə.Nuriyev hesab edir ki, bu addımın davamı olacaq və elektronlaşma icazələr, lisenziyalar, texniki şərtlər, şahədətnamələr və s. verilməsi ilə bütün spektri əhatə edəcək:"“ASAN xidmət” təcrübəsi göstərir ki, bu sahədədə yaxın gələcəkdə sahibkarların işi çox asanlaşacaq”.

AzVision.az


Teqlər:



Xəbər lenti