AXCP çəkişməsinə deputatdan reaksiya

AXCP çəkişməsinə deputatdan reaksiya
  08 Sentyabr 2015    Oxunub:4752
`Razi Nurullayev və Əli Kərimlinin AXCP uğrunda qarşıdurması mühafizəkarlıqla müasirlik arasında gedən mübarizə deyil. Çünki, onlar xaricdən daha çox maliyyə yardımı almaq uğrunda mübarizə aparırlar`.

Bu fikirləri AzVision.az-a hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

YAP rəsmisi qeyd edib ki, hər iki şəxs xarici dairələrin maraqlarına xidmət edən insanlardır:

`Əli Kərimli və Razi Nurullayev eyni xarakterli, düşüncəli, əqidəli və həyat yolu keçmiş insanlardır. Bunların mübarizəsi siyasi yox, möhür uğrunda gedir. Onların hər ikisi AXCP şinelindən çıxıb, radikallığın, sonradan mühafizəkarlığın, cəmiyyətin hüquqla, demokratiya ilə inkişafının deyil, qarşıdurma, xarici mərkəzlərin Azərbaycanda təsirini və maraqlarını nəzərə almaqla inkişafın tərəfdarı olan insanlardır. İndi onlar AXCP-də hakim olmaq uğrunda mübarizə aparırlar. Mahiyyət etibari ilə isə heç nə dəyişmir. Yəni, vaxtı ilə Müsavat Partiyasındakı fraksiyalar arasında gedən mübarizə bu gün AXCP-də gedir`.

`Bu gün AXCP-də Əli Kərimli və Razi Nurullayevin rəhbərlik etdikləri fraksiyalar arasında gərgin mübarizə gedir. Onlardan hansının qalib gəlməsinin Azərbaycan cəmiyyəti üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, AXCP Azərbaycanın bu günki demokratik inkişafından kənarda qalmış və dərnək xarakteri daşıyan bir qruplaşmadır. Ötən illər ərzində AXCP Azərbaycanın inkişafına, beynəlxalq aləmdəki nüfuzunun möhkəmlənməsinə hər hansı bir töhfə verməyib. Bu partiya indiyə qədər Azərbaycanın inkişafı ilə bağlı hər hansı bir düşünülmüş, məntiqli, ciddi şəkildə düşünülmüş proqram irəli sürməyib`, - deyə A. Mirzəzadə vurğulayıb.

Deputat bildirib ki, AXCP daxilində bu iki qruplaşmanın mübarizəsi sadəcə xarici maliyyə mərkəzlərinə yaxın olmaq uğrunda gedir:

`Bu adamların hər ikisi Azərbaycandakı xarici səfirliklərlə, xaricdəki anti-Azərbaycan mərkəzlərlə bağlı olan insanlardır. Bu gün isə hər iki şəxs sədr kreslosu uğrunda vuruşurlar`.

`AXCP-də fəaliyyət yoxdur və orada sədrə yaxın olmaq və ya sədr olmaq daha çox əhəmiyyət daşıyır. Ona görə də Razi Nurullayevlə Əli Kərimlinin kreslo davasını radikallığa bağlı olan siyasi qüvvədən birinin iflası kimi qiymətləndirmək olar` - deyə YAP rəsmisi vurğulayıb.

A. Mirzəzadə qeyd edib ki, Razi Nurullayev və Əli Kərimli arasında gedən mübarizədə kimin qalib olmasının nə partiya üçün, nə də cəmiyyət üçün hər hansı bir əhəmiyyəti yoxdur.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  



Xəbər lenti