`Kim cığallıq etmək istəsə....` - `Azdrama`dakı qalmaqal haqda

`Kim cığallıq etmək istəsə....` - `Azdrama`dakı qalmaqal haqda
  14 Sentyabr 2015    Oxunub:3104
Son günlər Azərbaycan Akademik Milli Dram Teatrında yaşanan qalmaqallar daha da qızğın hal alıb.
Teatrın aktyor heyəti rəhbərliyi onlara qarşı hörmətsizlik göstərməkdə, bəzən isə qərəzli yanaşmaqda, istedadlı aktyorlar üçün şərait yaratmamaqda, səriştəsizlikdə, aktyorları layiqincə qiymətləndirməməkdə ittiham edirlər. Bu əsnada rəhbərliklə aktyorlar arasında yaşanan qalmaqal hələ də davam edir. Və bu qalmaqallar artıq ictimai müzakirələrə səbəb olub.

Hətta bəzi aktyorlar sosial şəbəkələrdə Akademik Milli Dram Teatrının direktoru İsrafil israfilova qarşı kampaniyaya başlayıb. Sənət adamları bu yaxınlarda günlərdə dünyasını dəyişən xalq artisti İlham Əsgərovun ölümündə də teatrın direktoru İsrafil İsrafilovu günahlandırırlar.

Təbii ki, yaradıcı mühitdə qalmaqal olarsa, bu mədəniyyətin, yaradıcılığın inkişafına birbaşa təsir göstərəcək.

Akademik Milli Dram Teatrındakı vəziyyətlə bağlı AzVision.az-a danışan rejissor Əbdül Mahmudov teatra bədii rəhbərin təyin edilməsindən sonra vəziyyətin yaxşılaşacağını deyib.

“Mən çox təəssüf edirəm ki, bu söhbəti kənara çıxartdılar. Və hərə bir cür yanaşdı. Şişirdib böyük qalmaqala çevirdilər. Əslində bu söz-söhbətlər teatrın mətbəxində olan bir hadisədir. Tarixən həmişə rol üstündə aktyorlar arasında söz-söhbət olub. Ancaq bu teatrın daxilində həll olunub. Çünki o vaxt teatrın Ədil İsgəndərov, Tofiq Tağızdə, Mehdi Məmmədov kimi möhtəşəm rəhbərliyi var idi. Onların rəhbər olduğu teatrda söz-söhbət kənara çıxa bilməzdi, tez də həll olunurdu. Mən həmişə bu söhbətləri onunla bağlayırdım ki, teatrın baş rejissoru yoxdur”.

Ə.Mahmudov hesab edir ki, teatr yaradıcı təşkilatdır, burada baş rejissor olmalı və bütün repertuarı, aktyorların yaradıcı işini sahmana salmalıdır.

“Şükür Allaha ki, səsimiz və müraciətimiz eşidildi, gözəl sənətkar Azərpaşa Nemət Kərimov teatrın bədii rəhbəri təyin edildi. İsrafil müəllim də qaldı öz yerində, bundan sonra o, öz işləri lə məşğul olacaq. Bununla da söz-söhbət qurtaracaq. Bundan sonra aktyorların heç bir problemi olmayacaq.

Kimsə cığallıq etmək fikrinə düşsə, məsələ baş rejissor və aktyor gildiyasının rəhbəri səviyyəsində rəsmi həll olunacaq. Teatr mədəniyyətdir və göz qabağında olan bir şeydir və burada söz daha tez yayılır. Mən inanıram ki, bundan sonra bu qalmaqallar olmayacaq”.

AzVision.az


Teqlər:  



Xəbər lenti