Ziyafət Əsgərov: `Onlar İlham Əliyevə paxıllıq edirlər`

Ziyafət Əsgərov: `Onlar İlham Əliyevə paxıllıq edirlər`
  14 Sentyabr 2015    Oxunub:5568
“Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə əhəmiyyətsiz bir kağız parçasıdır”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasda çıxışı zamanı deyib.

Milli Məclisin sədr müavini bildirib ki, bu qətnamədə Azərbaycanla bağlı əks olunanlar tamamilə yalan, böhtan və qərəzdir: “Avropa Parlamentində bu qətnaməyə səs verən deputatların bir çoxu heç Azərbaycanı tanımır. Bunların məqsədi Azərbaycanın beynəlxalq imicini ləkələməkdir. Avropa yalandan iddia edir ki, guya Azərbaycanda söz azadlığı, demokratiya yoxdur. Bunların özlərində olmayan məsələləri bizim adımıza yazmağa çalışırlar. Azərbaycanda heç bir siyasi məhbus və ya təqib olunan jurnalist yoxdur. Avropa bu cür yolla Azərbaycana təzyiq etməyə çalışır”.

Vitse-spiker vurğulayıb ki, Avropa Parlamenti rəhbərliyində oturan bir neçə şəxs erməni lobbisinin təsiri altına düşüb: “Axı Azərbaycandan nə istəyirsiniz? Azərbaycan da sizin kimi inkişaf yolu tutub, indi buna niyə paxıllıq edirsiniz?”.

Z.Əsgərov qeyd edib ki, Azərbaycanda noyabrın 1-də parlament seçkiləri keçiriləcək və Avropa artıq bu seçkilərin nəticələri ilə bağlı hesabatlar hazırlayıb.

“Sual olunur, axı siz nə bilirsiniz seçkilərin nəticələri necə olacaq? Axı siz hansı haqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz?”.

Sədr müvini Avropada yaranmış miqrant böhranı və Ərəb ölkələrində baş verən hadisələrə də toxunaraq bildirib ki, indi Misirdə, Liviyada, Suriyada, Əfqanıstanda müharibələr, fəlakətlər baş verir: “Bu ölkələrdə əhali qaçqın vəziyyətinə düşüb. Onları qaçqın kim etdi? Əlbəttə ki, Avropa, siz etdiniz. Onların heç bir günahı yoxdur. Günahkar sizsiniz. İndi də gedib onların problemlərini necə yaratmısınızsa, elə də həll edin. Milyonlarla dollar pul qoyub Liviyanı dağıtdınız, indi Azərbaycanı dağıtmaq istəyirsiniz. İndi də minlərlə miqrantları dənizdə batırırsınız, öldürüsünüz. Axı bu nə vəhşilikdir? Bu cür vəhşilikləri edən Avropa Azərbaycana necə demokratiyadan, insan haqqlarından danışa bilər?

Milli satqınlar da Avropadan milyonlarla pul alıb. İndi ölkədə xaos yaratmaq istəyirlər. Ancaq bu mümkün olmur. Çünki Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var. Onlar Azərbaycan prezidentinə paxıllıq edirlər. Çünki onların özlərində belə prezident yoxdur”.

Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti