Mehriban Əliyeva: `Taleyimdən razıyam...` - FOTOLAR

Mehriban Əliyeva: `Taleyimdən razıyam...` - FOTOLAR
  16 Sentyabr 2015    Oxunub:5242
Xəbər verdiyimiz kimi, bu gün Bakıda Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialının təntənəli açılış mərasimi olub.

Azərbaycanın birinci xanımı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin məzunu və fəxri professoru Mehriban Əliyeva mərasimdə iştirak edib.

Mərasimdə Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin məzunu və fəxri professoru Mehriban Əliyeva çıxış edib:

“Hörmətli Veronika İqorevna. Hörmətli Pyotr Vitalyeviç. Hörmətli qonaqlar, əziz dostlar, əziz tələbələr. Bu gün bütün qonaqlarımızı salamlamağa çox şadam və bizim bugünkü görüşümüz genişmiqyaslı və əlamətdar bir hadisəyə həsr edilir. Azərbaycan paytaxtında nəinki Rusiyanın, hətta dünyanın ən qocaman və ən nüfuzlu tibb universitetlərindən birinin – Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı açılır. Azərbaycanda belə bir filialın yaradılması haqqında Sərəncam Prezident tərəfindən bu il mayın 15-də imzalanıb, cəmi 4 ay keçib və filial öz qapılarını ilk tələbələrin üzünə açır. Şübhəsiz, bu, respublikamızın həyatında böyük hadisədir və mən Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, cənab Qlıboçkoya ölkəmizdə bu filialın yaradılması təşəbbüsünə görə dərin minnətdarlığımı bildirmək istəyirəm".

Mehriban Əliyeva qeyd edib ki, Rusiyanın ictimai, mənəvi və elmi həyatında Seçenov Universitetinin rolu sırf təbabətin hüdudlarını aşıb.

“Bu universitetin məzunları görkəmli alim-həkimlər, istedadlı həkim-praktiklər, çox məşhur ədəbiyyatçılar, jurnalistlər, ictimai xadimlərdir. Bu gün Azərbaycanda ilk gənc oğlanlar və qızlar bu təhsil müəssisəsinin kandarından keçir, öz gələcək peşəsinə doğru ilk addımlar atırlar. Onlar yüksək səviyyəli müəllimlərdən dərs alacaq, alimlərin mühazirələrini dinləyəcəklər. Onlara dünya şöhrətli alimlər mühazirə oxuyacaqlar. Əminəm ki, burada yüksək səviyyəli təhsil, savadlı həkim-praktiklər və alim-təbiblər pleyadasının formalaşması üçün hər cür şərait yaradılıb. Bizim paytaxtda yeni ali məktəbin, xüsusən dünya şöhrətli ali məktəbin filialının açılması dövlətimizin təhsil və elm sahələrində siyasətini yaxşı əks etdirir”.

Birinci xanımı deyib ki, hər bir dövlətin gələcəyi onun intellektual, elmi, təhsil potensialından asılıdır:

“Biz gənclərimizi savadlı, bilikli, ölkəmizin uzunmüddətli inkişafını təmin edə bilən gənclər kimi görmək istəyirik. Buna görə də təhsil və elm sahələrinə investisiyalar bizim dövlətimizin siyasətində prioritet istiqamətlərdən biridir. Müstəqillik illərində bu sahədə çox iş görülüb. Təhsil və elm sahələrinin dəstəklənməsi, bu sahələrdə islahatlar üçün müxtəlif dövlət proqramları həyata keçirilir. Əlbəttə, bütün bunlar təbabət kimi mühüm sahəyə də aiddir. Son bir ildə ölkəmizdə, özü də təkcə paytaxtda deyil, regionlarda da klinikaların, tibb mərkəzlərinin, diaqnostika mərkəzlərinin demək olar ki, hamısı yenidən qurulub və ya yenidən tikilib. Onlar bugünkü bütün tələblərə cavab verən müasir avadanlıqla təchiz edilib. Lakin bütün bunlarla bərabər, biz çox yaxşı başa düşürük ki, tibb xidmətinin keyfiyyəti, ilk növbədə, həkimdən asılıdır. Buna görə də bu gün burada, bizim iştirakımızla baş verən hadisə - bu filialın, ən müasir təhsil proqramlarının, praktiki təbabətdə zəruri innovasiyaların tətbiq edildiyi universitetin filialının açılması, bütün bunlar, mən əminəm ki, ölkəmizdə təbabətin səviyyəsinə çox yaxşı təsir göstərəcək.

Demək istəyirəm ki, Azərbaycan ilə Rusiya arasında bütün tarix boyu səmimi və mehriban münasibətlər olub. Bu gün bizim dövlətlərarası münasibətlərimiz də məhz bu tarixi təməl üzərində qurulur. Bizim humanitar əməkdaşlığımız, mədəniyyət, elm, təhsil sahələrində əlaqələrimiz hələ Azərbaycan ilə Rusiyanın bir dövlətin hissələri olduğu illərdə formalaşıb və Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra biz bu potensialı itirməmişik, hətta əksinə, onu artırmışıq. Biz bu vahid elmi-mədəni məkanı və Azərbaycanda böyük rus ədəbiyyatına güclü marağı qoruyub saxlaya bilmişik. Azərbaycanda rus dilində təhsil qorunub saxlanıb. Bizdə təhsilin rus dilində aparıldığı 300-ə yaxın məktəb fəaliyyət göstərir".

Mehriban Əliyeva əlavə edib ki, ölkəmizdəki ali məktəblərin əksəriyyətində rus sektoru var:

“Əziz dostlar, mənim üçün bu hadisə, Seçenov Universitetinin filialının açılması xüsusi məna kəsb edir. Mən bu universitetdə oxumuşam, bu universitetin fəxri professoruyam və məhz bu ali məktəbin divarları arasında yüksək mədəniyyət, mənəviyyat, mükəmməl peşəkarlıq ruhunda keçirdiyim tələbəlik illərinə, tələbə gəncliyimə görə taleyimdən razıyam. Mən bizə həm fundamental biliklər və peşə vərdişləri, həm də etika, mənəviyyat, humanizm ideyaları aşılamış müəllimlərimə dərin minnətdarlığımı bildirmək istəyirəm. Deyirlər, universitetlər elm məbədidir. Lakin mənə belə gəlir ki, tibb universiteti həm də şəfqət məbədidir. Təbabət xüsusi peşədir və öz həyatını təbabətə həsr edən insan fundamental biliklər, praktiki vərdişlərlə yanaşı, həssas qəlbə malik olmalı, başqasının halına acımağı, onun dərdinə şərik olmağı, ağrısını eşitməyi bacarmalıdır.

Bu gün mən Seçenov Universitetinin filialının ilk tələbələrinə müraciət edirəm. Sizi buna çağırıram ki, uzun illərdən sonra, siz artıq peşəkarlar kimi formalaşanda gündəlik gərgin peşə fəaliyyətinizdə bu şəfqət hissini itirməyəsiniz. Unutmayasınız ki, insanlar sizin yanınıza gəlir və özlərinin ən dəyərli hisslərini – öz həyatını və sağlamlığını sizə etibar edirlər. Bəzən xoş söz istənilən yüksək səmərəli dərmandan da yaxşı müalicə edir. Təbabət – həkimlik peşəsi insanın missiyası və fitri qismətidir. Buna görə də sizin hamınıza arzum budur ki, bu peşədə, bu qismətdə uğur qazanasınız”.

Qalereya




Teqlər:  



Xəbər lenti