FAO Azərbaycanda ofis açır

FAO Azərbaycanda ofis açır
  18 Sentyabr 2015    Oxunub:2758
Bakıda Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) əlaqələndirmə ofisi yaradılır.
AzVision.az xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bununla bağlı məsələ müzakirəyə çıxarılıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və texniki yardımın göstərilməsi haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsi iclasda müzakirə olunub.

Komitə sədri Eldar İbrahimov FAO-nun Azərbaycanda ofisinin yaradılmasını tədqirəlayiq hesab edib. O bildirib ki, FAO-nun Azərbaycanda ofisinin yaradılması ölkəmizdə kənd təsərrüfatının inikişafına mühüm töhfə verəcək.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib ki, FAO-nun dünyada 5 ofisi var və çox mühüm haldır ki, FAO 6-cı ofisini Azərbaycanda yaradır. O bildirib ki, bu, FAO-nun Azərbaycanla əməkdaşlığa önəm verməsinin göstəricisidir.
Nazir müavini vurğulayıb ki, FAO kimi təşkilatla əməkdaşlıq kənd təsərrüfatının inkişafı üçün önəmlidir.

O eyni zamanda bu təşkilatla əməkdaşlığın gənc mütəxəssislərin inkişafına töhfə verəcəyini bildirib.

Nazir müavini qeyd edib ki, FAO-nun Azərbaycanda ofisi yaradıldıqdan sonra 6 nəfərə qədər Azərbaycan gənci FAO-nun baş ofisində çalışmaq hüququ əldə edəcək.

Digər millət vəkilləri də FAO-nun Azərbaycanda ofisinin yaradılmasının vacib olduğunu qeyd ediblər.

Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasına tövsiyə olunub.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti