AzVision.az-ın əməkdaşı rayon seriyalı maşınlara qoyulan qadağa ilə bağlı Bakının girişində qurulan postlara baş çəkib, hazırki vəziyyətlə maraqlanıb.
Əməkdaşımızın verdiyi məlumata görə, sözügedən qadağa Abşeron və Sumqayıt qeydiyyatlı maşınlara da şamil edilsə də, “50” və “01” seriyalı avtomobillər asanlıqla Bakıya daxil ola bilirlər. Yol polisi əməkdaşları tərəfindən ilk günlərdəki kimi ciddi nəzarət tətbiq olunmur.
Müxbirimizin dediklərinə görə, təkcə, Sumqayıt maşınları deyil, digər rayon seriyalı nəqliyyat vasitələrinin də paytaxta girişi mümkündür. Bu isə həmişəki kimi ucu-bucağı görünməyən tıxaclara gətirib çıxarır.
Rayondan gələn sürücülər də bu dediklərimizi təsdiqləyiblər. Onların sözlərinə görə, ilk günlər Bakıya rayon seriyalı maşınla daxil olmağa icazə verilməsə də, hazırda DYP əməkdaşları tərəfindən bu məsələyə bir o qədər də önəm verilmir.
“Əslində bu qadağa aradan qaldırılmalıdır. Biz də azərbaycanlıyıq, Bakıya istənilən vaxt gəlmək bizim də haqqımızdır. Rayondan kefimizdən gəlmirik ki? İşimizə görə gəlirik. Sağ olsun, yol polisləri etirazlarımızdan sonra bizi şəhərə buraxır”-deyə sürücülər bildiriblər.

DYP rəsmisi Kamran Əliyev isə hesab edir ki, qadağanan aradan qaldırılmasından söhbət gedə bilməz.
“Paytaxta daxil olan ərazilərdə yol polisinin naryadları xidmət aparır və onlar tətbiq olunmuş məhdudiyyətə əməl olunması üçün müvafiq tədbirlər görürlər. Buna əməl etməyənlər polisin qanuni əmrinə tabe olmadığı üçün məsuliyyətə cəlb olunur”.
Bu gün şahidi olduğumuz mənzərə DYP rəsmisinin dediklərinin tam əksini göstərirdi.
Xatırladaq ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, rayon qeydiyyatında olan maşınlar may ayının 1-dən oktyabr ayının 1-nə qədər olan müddətdə səhər saat 07:00-dan axşam saat 22:00-a qədər paytaxta buraxılmayacaqlar.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


