Cəbhənin qurulTOYu

Cəbhənin qurulTOYu
  29 Sentyabr 2015    Oxunub:3211
Anar Rüstəmov

Sentyabrın 27-də AXCP-nin növbəti qurultayı keçirildi. Nəticələr öncədən bəlli idi. Heç kim sensasiya gözləmirdi. Əli Kərimli AXCP sədri olmalı idi və oldu. Bu qədər bəsit...

Qurultay-filan protokol xatirinə təşkil olunmuş vaxt itkisindən başqa bir şey deyildi. Ora yığışan beş-üç nəfər isə küçədən keçən, vaxtını öldürməyə yer axtaran, yaxud da cəbhəçi dostlarının “sən öl”ündən keçə bilməyən zavallı insanlar idi.

Zalda oturanlardan bir qismi Əli Kərimlini heç tanımırdı, onların əsas missiyası Fuad Qəhrəmanlının kənardan yönələn baxışlarına tuş gəlmək idi (Deyilənlərə görə, Fuad Qəhrəmanlı onlara qurultaydan sonra qonaqlıq da söz veribmiş).

Tapşırıq çox sadə idi: cənab Qəhrəmanlı əl çalanda onlar “anşlaqla” sədri alqışlamalı, “azadlıq”, “istefa” şüarları eşidən kimi yerlərindən durub “Yaşasın Əli Kərimli” deyə hayqırmalı idilər. Kim işini yaxşı bacarsaydı, sonda onu mükafat gözləyirdi. Mükafat Qəhrəmanlı tərəfindən müəyyən edilmişdi:

- Qurultay başlayandan sonadək əl çalanlara kabab qonaqlığı
- “Yaşasın, Əliii bəəəəy” deyə qışqıranlara kabab üstəgəl “Rasiyskiy” araq və bir paçka “Kent” siqareti hədiyyə
- Əllərində Əli Kərimlinin şəklini qaldıranlara 5 manatlıq kontur
- Arada əl çalıb, yuxuya gedənlərə isə 1 manatlıq sadə çay qonaqlığı


* * *

Əli Kərimlinin budəfəki qurultayı əsl toy ab-havasında idi. Klassik azərbaycanlı toyunda olduğu kimi bəy də vardı, qaynana və qaynata da... Bir qalmışdı, gəlinə (qeyri-etik də olsa AXCP Əli Kərimlinin ssenarisində gəlin obrazını xatırladır –red) adaxlı tapmaq.

Məclis fərqli idi. Ssenari AXCP-nin bundan öncəki “toyları” – qurultayları ilə eyni olsa da, sujet xəttində bir balaca dəyişiklik edilmişdi.

Tamaşada yeni personajlar peyda olmuşdu: duz və tamada...

- Baş rolda çıxış edən Kərimli həmişəki kimi bəylik kostyumunu geyinib, əlində Arif Məmmədovun Avropadan göndəriyi ağ qərənfillərlə vağzalı sədaları altında otaqdan çıxmalı, “bəy” obrazını canlandırmalı idi.

- Duz obrazı Sahib Kərimliyə həvalə olunmuşdu. Onun işi qızın ikinci adaxlısı kimi toya dava salmaq, “o mənim olmalıdır”, “asacam, kəsəcəm damarları” kimi təlxəklik edib, məclisə duz qatmaq və sonra ortadan əkilmək idi.

- Tamada (el arasında ona sərpayı da deyilir – red) rolunu özünün xahişi ilə Fuad Qəhrəmanlı üzərinə götürmüşdü. Onun öhdəliyi o qədər də asan deyildi: toyda dava salanlara qulaqburması vermək, məclisd sifarişləri qəbul etmək, qonaqlarla maraqlanmaq, ortada gəzən ofisiantlara göstəriş vermək və s. ilaxır.

- Həsən Kərimov və Gözəl Bayramlı isə “toy tamaşası”nda qaynata və qaynana obrazından çıxış edirdilər. Ssenaridə qeyd edildiyi kimi, onlar 2001-ci ildən evdə qalan dul qızları üçün ər axtarışında idilər.

Qızın əvvəlki sevgilisi Əbülfəz Qurbanlı məcnun olub Dağıstanın çöllərinə düşdüyündən ondan bir xəbər yox idi. Odur ki, qızın cəmi iki namizədi var idi: Əli və Sahib. Kərimlilərdən biri bu qızı almalı idi.

Valideynlər də (Gözəl Bayramlı və Həsən Kərimov nəzərdə tutulur-red) 14 ildir evdə qalan qızlarını Əliyə vermək üçün sino gedirdilər. İşsiz, gücsüz Sahib isə onların maraq dairəsində deyildi. Əlinin şansları daha çox idi.

...Vaxt-məqam yetişir, uzun götür-qoydan sonra qərara gəlinir ki, qız Əli bəyə veriləcək. Axı nə az, nə çox 14 ildir bu qız onunla birlikdədir. Sonra el-oba nə deyər? Qızın adına söz çıxar axı...

Bu qərardan xəbər tutan Sahib əvvəl özünü dağa-daşa çırpsa da taleyi ilə barışmalı olur. “Əşşi bu dəfə olmadı, bəxtimi gələn dəfə sınayaram”-deyə o, duzunu da götürüb, oturur yerində.

Və bu da gözlənilən son: Əli Kərimli qovuşur muradına... və o növbəti dəfə “bəy” kürsüsünə çıxır.

* * *

Gülməli də olsa, AXCP-nin qurultayı yuxarıda qeyd etdiyim ssenari üzrə keçirildi. Heç nə dəyişmədi. 14 ildir AXCP-ni özəlləşdirən cənab Kərimli çətin sınaqlardan (liderinə xəyanət, ikiüzlülük, təfriqə, partiyada aravuranlıq – red) sonra Elçibəyin əlindən aldığı partiyanı heç kimə verəsi deyildi. Vermədi də. Toy oldu və bitdi.



Teqlər:  





Xəbər lenti