3 yaşında “böyük kişi” - Gecikən təşəkkür

3 yaşında “böyük kişi” - Gecikən təşəkkür
  01 Oktyabr 2015    Oxunub:4217
-Kişi kimi söz verirsən ki, sabahdan işə çıxacaqsan...? Bax, bu dəfə də gəlməsən... yazacam haa (gülür)

A.R: Yox,narahat olmayın, sözümüz sözdür...


Düz, iki il öncə telefonuma gələn zəng çox şeyi dəyişdi. Axşamüstü idi. İşdən çıxıb, növbətçiliyə hazırlaşırdım. Gözləmirdim ki, zəng edəcək. “Uzaqbaşı ya kimdənsə söz göndərər, ya da Facebook-da yazar”,- deyə düşünürdüm.

Əksinə böyüklüyünü göstərib, zəng etdi.

Salamlaşıb, hal-əhval tutandan sonra gözləmədən keçdi əsas məsələyə:

- Səni komandamda görmək istəyirəm, “Maral”da burdadır, kişi ol, gəl...

Mən də “yaxşı müəllim, sabah yüz faiz ordayam”,-deyib çox gözlətmədim.

Amma hiss olunurdu ki, dediklərimə 100 faiz inanmır, bilirdi ki, gəlməyə də bilərəm. Axı, bundan öncə iki dəfə istəmədən aldatmışdım. O isə buna baxmayaraq, yenə məni yanına çağırırdı.

-Bax, aldatsan, bu dəfə gözünün yaşına baxmayacam, yazacam...

A.R: Vallah, ciddiyəm, kişi kimi söz verirəm, sabahdan sizinləyəm

-İnanmağım gəlmir, amma gözləyəcəm.

***

Hər şey elə o gündən başladı. Sözümün üstündə durdum. Başqa cür ola da bilməzdi axı, söz vermişdim, özü də kişi sözü.

Başladım, ta indiyə kimi ordayam, gözünə inanmasa da onun yanındayam.

Artıq iki ildir...

... O iki il ki, mənim üçün çox şey dəyişdi, yeni qapılar açıldı. Ora və onlar mənim üçün doğmalaşdı, öz ailəm kimi qəbul elədim, sevdim, ürək açdım, hər addımında hörmət gördüm, ən böyük uğurlarımı orda qazandım.

Əlimdən gələni etdim ki, o mənə görə peşman olmasın.

Bəlkə də bacardım, bəlkə də yox...

Qar-boran bilmədən işlədik, dayanmadıq... 1095 gün.

Çoxları işimizə barmaqarası baxanda, biz onların yaza bilmədiyini yazdıq, deyə bilmədiyini dedik, edə bilmədiyini etdik.

Çox şükür, əziyyətimiz hədər getmədi,

Paxıllıq edən də oldu, bizi gözdən salmaq üçün fürsət gözləyəndə, amma “sınmadı”, hər badalaqdan, hər daşdan sonra addım-addım irəlilədi, böyüdü, yaşının üstünə yaş gəldi.


Biz qocaldıqca, o cavanlaşdı,

biz yorulduqca, o əzmlə irəliyə getdi,

biz susduqca, o danışdı...

Və nəhayət 3 yaşında “böyük kişi” oldu.


Bu gün həmin “kişi”nin ad günüdür. 3-cü payızını yaşayır. Nə az, nə çox 71332 dəfə sizin görüşünüzə gələn o “kişi” Azərbaycan oğludur. Baxışları əsl azərbaycanlı baxışıdır.

Tərifə ehtiyacı yoxdur, nəyi varsa, göz önündədir.

“Atalı”, “analı” böyüsün,

Bundan da “böyük kişi” olsun!

Ad günün mübarək AzVision.az!


P.S: gec də olsa o zəngə görə Vüsal Məmmədova təşəkkür edirəm. Yaxşı ki, zəng etdin.

Anar Rüstəmov


Teqlər:  





Xəbər lenti