`Gürcüstanla sərhəd problemi olmamalıdır`- Məmmədyarov
`Görüşdə iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Biz Bakı-Tbilisi-Qars layihəsini müzakirə etdik. Gürcüstanda artıq bu layihə üzrə tikinti işləri başa çatıb. İndi Türkiyə ərazisində işlərin tamamlanmasını gözləyirik. İlin sonunda biz bu layihəni dünyaya təqdim etmək niyyətindəyik`.
Görüşdə iki ölkə arasında sərhədlərin delimitasiyası məsələsinin də müzakirə olunduğunu qeyd edən E. Məmmədyarov 2016-ci ildə bu məsələ ilə bağlı İşçi Qrupunun iclasının olacağını vurğulayıb. Onun sözlərinə görə, prezident İlham Əliyevin Tiflisə səfəri zamanı Gürcüstan tərəfi ilə müzakirə oluna biləcək məsələlərdən biri sərhədlərin delimitasiyasıdır:
`Sərhədlərin delimitasiyası üzrə komissiya öz işini davam etdirməlidir. Gürcüstan nümayəndə heyəti mart ayında Bakıda səfərdə olub. Bu ilin sonu və ya gələn ilin əvvəlində məsələ ilə bağlı növbəti görüş keçirilməlidir. Strateji əməkdaşlıqdan danışırıqsa, iki ölkə arasında sərhəd problemi olmamalıdır`.
Öz növbəsində, G.Kvirikaşvili Gürcüstanın coğrafi mövqeyini nəzərə alaraq, ölkəsinin nəqliyyat və enerji layihələrinin həyata keçirilməsində maraqlı olduğunu qeyd edib. O, həmçinin Türkiyə-Azərbaycan-Gürcüstan formatında dialoqun inkişafında ölkəsinin maraqlı olduğunu bildirib. Giorgi Kvirikaşvili azərbaycanlı həmkarı Elmar Məmmədyarovu Gürcüstana rəsmi səfərə dəvət edib.







Vaxtında, Aydın, Lazımlı!


