AFFA “İnter”in qapıçısını bağışladı

AFFA “İnter”in qapıçısını bağışladı
  23 Oktyabr 2015    Oxunub:1408
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.
AzVision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda "Bakılı", "İnter" və "Neftçi" klublarının müraciətlərinə baxılıb. Müzakirələrdən sonra qərara alınıb ki, İntizam Komitəsinin "Neftçi"nin futbolçusu Fəhmin Muradbəyli (2 oyunluq kənarlaşdırma) və "Bakılı" barədə çıxardığı qərarlar (I Divizionun ilk turunda "Göyəzən" - "Bakılı" oyunu ilə bağlı texniki məğlubiyyət) qüvvədə saxlanılsın. I divizionda keçirilmiş bu oyunun hakimlər briqadası və hakim-inspektoru barəsində hər iki komitə lazımi ölçü götürüb Apellyasiya və Ekspert Komitəsinə məlumat versin.

Bundan başqa komitə "İnter"in futbolçusu Zurab Xizanişvili (4 oyunluq kənarlaşdırma) barədə İntizam Komitəsinin çıxardığı qərarı qüvvədə saxlayıb. Amma "bankirlər"in qapıçısı Giorgi Lomaya barədə İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilib. Əlcək sahibi intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılıb, digər 3 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunub.

Bu müddətdə G.Lomaya analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq. Beləliklə, Lomaya Azərbaycan Premyer Liqasında IX turun "Rəvan"la ev oyununda meydana çıxa biləcək.


Teqlər:



Xəbər lenti