`4 min dollara BMW ola bilməz` - Aydın Əliyev
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi məsələsinə münasibət bildirib.
AzVision.az `Report` a istinadən xəbər verir ki, jurnalistlərə açıqlama verən komitə sədri deyib ki, avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə daxil olan şikayətlərin heç biri öz təsdqini tapmayıb:
“Əvvəllər tez-tez qarşılaşdığımız məsələ köhnə maşınlarla bağlı idi. Biz onlara deyirik ki, köhnə maşın alarkən əldə etdiyiniz hansısa sənəd əsas sayıla bilməz. Yəni, "Lexus" 2 min dollara, yaxud BMW 4 min dollara ola bilməz. Ona görə də xahiş edirik hesablamanızı onunla aparmayasınız. Gömrük idarəsində bununla bağlı ekspertlər fəaliyyət göstərir.
Mərkəzi Gömrük Ekspertiza İdarəsinin mütəxəssisləri qanunvericilikdə nəzərdə tutulan qaydada maşına baxaraq avtonəqliyyat vasitəsinə qiymət qoyur və rəsmiləşdirilmə aparılır. Artıq Dövlət Gömrük Komitəsinin yeni saytı tərtib edilərkən sayta avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı təxmini kalkulyator da yerləşdirilib”.
Komitə sədri eyni zamanda prezident İlham Əliyevin imzaladığı gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərmanı da şərh edib. O, bildirib ki, fərman kommersiya və istehsalat məqsədləri üçün gətirilməyən mallardan gedir:
“Bu sahədə olan strategiya müəyyənləşib. Bu fərmanın tətbiqi Azərbaycan əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Söhbət sahibkarlıqdan gedə bilməz. Çünki söhbət burada kommersiya və istehsalat məqsədləri üçün gətirilməyən mallardan gedir. Gətirilən mallar vətəndaşın öz tələbatını ödəmək üçün ola bilər. Bildiyiniz kimi ölkə başçısının verdiyi tapşırıqlara əsasən, dövlət büdcəsi vergi və gömrük rüsumları hesabına formalaşdırılmalıdır. Buna görə, kommersiya və istehsalat tələbatı üçün gətirilən mallar mövcud olan qanunvericiliyə əsasən vergiyə cəlb olunacaq”.
Yeniliyin büdcə daxilolmalarına təsir edib-etməyəcəyinə gəlincə, A.Əliyev deyib ki, bu barədə yalnız müəyyən hesablamalar aparıldıqdan sonra dəqiq nə isə demək olar.







Vaxtında, Aydın, Lazımlı!


