Bölgələrdə səsvermə necə gedir?
Səsvermənin azad, demokratik və şəffaf keçməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb, seçki məntəqələri zəruri texniki vasitələrlə, o cümlədən mürəkkəb balonları və ultrabənövşəyi lampalarla təchiz edilib. Bölgə üzrə 5 seçki dairəsinin 49 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Məntəqələrdə səsvermənin gedişini müxtəlif siyasi partiyalar və qeyri-hökumət təşkilatlarını təmsil edən 2267 nəfər yerli, habelə nüfuzlu beynəlxalq təşkilatlardan olan çoxlu sayda beynəlxalq müşahidəçi izləyir. Dairə seçki komissiyalarından verilən məlumata görə, səsvermə başlayan vaxtdan bölgə seçiciləri ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu siyasi kampaniyada çox fəal iştirak edirlər. Səhhəti ilə əlaqədar seçki məntəqəsinə gələrək səsvermədə iştirak edə bilməyən vətəndaşların yaşadığı evə daşınan seçki qutuları aparılır və onların seçkidə iştirakı təmin edilir.
88 saylı Göyçay seçki dairəsi dairə seçki komissiyasının sədri Eldəniz Həmidov bildirib ki, dairənin tərkibinə daxil olan 43 seçki məntəqəsi üzrə 40 min 693 seçici qeydiyyata alınıb. Onlardan 418-i ilk dəfə səsverən gənclərdir. Məntəqələrin 5-də veb-kamera quraşdırılıb. Seçkilərin gedişini 478 nəfər yerli müşahidəçi izləyir. Səsvermə seçicilərin fəallığı şəraitində keçir. Seçicilərdən yaşı 80-dən yuxarı olanların sayı 60 nəfərdir ki, onlardan da 3-nün 100-dən yuxarı yaşı var. Ümumilikdə 60-a seçici yaşı və xəstəliyi ilə əlaqədər səsvermə məntəqəsinə gedə bilməyəcəyini bildirib və öz evində səs verməsi üçün daşınan qutunun göndərilməsi ilə bağlı seçki məntəqəsinə müraciət edib.
89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının sədri Nizam Məhərrəmov bildirib ki, 36 seçki məntəqəsi üzrə 38 min 447 seçici qeydiyyata alınıb. Seçki məntəqələrindən 18-i Ağdaşda, 18-i isə Göyçayda yerləşir. On iki seçki məntəqəsində veb-kamera quraşdırılıb. Seçicilərin 438 nəfəri səsvermədə ilk dəfə iştirak edir. Səsvermənin gedişini 466 nəfər yerli müşahidəçi izləyir. Hazırda Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən 89 saylı Göyçay-Ağdaş DSK-nın əhatə etdiyi Ağdaş rayonunun Yuxarı Qəsl və Şor Dəhnə kəndlərindəki 25 və 33 saylı seçki məntəqələrində “exit-poll” keçirilir.
90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının sədri Nürəddin Babayev bildirib ki, dairə üzrə 40 seçki məntəqəsində seçicilərin ümumi sayı 39 min 994 nəfərdir. Onlardan 556-sı ilk dəfə səs verənlərdir. Məntəqələrin 10-da veb-kamera quraşdırılıb. Səsvermənin gedişini izləmək üçün 451 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib. Yaşı 80-dən yuxarı olan 684 nəfər seçici var ki, onlardan 5-nin yaşı 100-dən yuxarıdır. Dairə üzrə 167 nəfər seçici daşınan qutunun evə gətirilməsi ilə bağlı seçki məntəqələrinə müraciət edib. 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının 5, 20 və 37 saylı seçki məntəqələrində “exit-poll” keçirilir.
47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasının sədri Oqtay Məmmədov bildirib ki, şəhərdə səsvermə prosesi seçicilərin yüksək fəallığı şəraitində keçir. Dairə üzrə səsvermə 30 seçki məntəqəsində təşkil edilib. Seçki məntəqələrinin 12-də veb-kamera quraşdırılıb. Qeydə alınmış 37 min 258 seçicidən 248 nəfəri bu gün ilk dəfə səs verəcək. Səsvermənin gedişini 317 nəfər yerli müşahidəçi izləyir.
116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının sədri Ramiz Əsədov bildirib ki, dairə üzrə 54 seçki məntəqəsində 42 min 756 seçici qeydə alınıb ki, onlardan 645 nəfəri ilk dəfə səsverən vətəndaşlardır. Dairənin tərkibinə daxil olan seçki məntəqəsinin 10-da veb-kamera quraşdırılıb. Səsvermənin gedişini 555 nəfər yerli müşahidəçi izləyir. Səsvermə seçicilərin fəallığı şəraitində keçir.
Saat 10-dək 57 saylı Kürdəmir seçki dairəsində seçicilərin 14,3 faizi və ya 6 min 49 nəfər səsvermədə iştirak edib. Seçki komissiyasının sədri Şərbala Səfərov məlumat verib. O bildirib ki, Milli Məclisə seçkilərdə 42 məntəqə üzrə 43127 nəfər seçici istədiyi namizədə səs verməlidir. Səsvermənin mütəşəkkil keçirilməsi, hər kəsin öz seçimini sərbəst şəkildə etməsi üçün Seçki Məcəlləsinə uyğun olaraq bütün şərait yaradılıb. Kampaniyanın gedişini 465 nəfər yerli müşahidəçi izləyir. 11 ən iri məntəqədə veb-kamera quraşdırılıb ki, arzu edən hər kəs səsvermə prosesini onlayn müşahidə edə bilir.







Vaxtında, Aydın, Lazımlı!


