`Korrupsiya qarşı ciddi mübarizə aparılmalıdır`

`Korrupsiya qarşı ciddi mübarizə aparılmalıdır`
  05 Noyabr 2015    Oxunub:2819
“Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir. Məhkəmə-Hüquq Şurasının fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Artıq on ildir ki, Şura fəaliyyət göstərir. Bu sahədə aparılan islahatlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda məhkəmə-hüquq sisteminin möhkəmlənməsinə, şəffaflığın artırılmasına gətirib çıxarıb”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılışındakı çıxışında deyib.

Prezident bildirib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir: “Hüquqi dövlət quruculuğu prosesinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Onun təşəbbüsü ilə 1990-cı illərin əvvəllərində çox ciddi addımlar atılmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. O vaxt belə bir strateji istiqamət müəyyən edilmişdir ki, Azərbaycanda hüquqi dövlət qurulmalıdır, qanunun aliliyi təmin edilməlidir və məhkəmə sistemi dünyada mövcud olan ən mütərəqqi təcrübəyə əsaslanmalıdır”.

Son illər ərzində bu istiqamətdə böyük nailiyyətlər əldə edildiyini bildirən prezident qeyd edib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə gedir: “ Əlbəttə ki, məhkəmələrin şəffaflığı, məhkəmələrin işi burada xüsusi rol oynayır. Verilən məlumata görə, son vaxtlar məhkəmə qərarları ilə bağlı daxil olan şikayətlərin sayı azalır. Bu, onu göstərir ki, qərarların böyük əksəriyyəti ədalətli qərarlardır. Çünki biz daim ictimai rəyi öyrənirik. Həm Prezident Administrasiyasına, həm də digər dövlət orqanlarına gələn müraciətlərə çox diqqətlə baxılır və hər bir şikayət əsasında araşdırma aparılır. Deməyə əsas var ki, son vaxtlar bu sahədə müsbətə doğru dəyişikliklər göz qabağındadır”.


Ölkə başçısı hesab edib ki, görüləcək tədbirlər və gələcəkdə aparılacaq islahatlar nəticəsində məhkəmə sistemində şəffaflıq maksimum dərəcədə artırıla bilər.

Dövlət başçısı vurğulayıb ki, son vaxtlar bu sahədə qəbul edilmiş qərarlar, xüsusilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması şəffaflığın təmin olunmasında, həmçinin bürokratik əngəllərin aradan qaldırılmaısnda mühüm rol oynayacaq: “Bir sözlə, məhkəmə sistemini daha da müasir və daha da böyük inama malik olan sistemə çevirəcək”.

Prezident bildirib ki, hazırda bütün yeni tikilmiş məhkəmə komplekslərində “Elektron məhkəmə” informasiya sistemi quraşdırılır ki, bu da çox ciddi islahatdır: “Çünki məhkəmələrin qərarları ədalətli olmalıdır. Ümumiyyətlə, həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür”.

“Qərəzli yanaşma olmamalıdır. Korrupsiya hallarına qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bir sözlə, məhkəmə-hüquq sistemi maksimum dərəcədə şəffaf olmalıdır. Bu sahədə beynəlxalq təcrübənin Azərbaycanda tətbiq edilməsinin çox böyük mənası var. Çünki inkişaf etmiş ölkələrdə bir çox hallarda biz məhkəmələrin şəffaflığını görürük. Əlbəttə ki, hər bir ölkədə əsassız qərarlar da qəbul edilə bilər. Ancaq bütövlükdə götürdükdə inkişaf etmiş ölkələrdə, Avropa ölkələrində məhkəmə sistemi şəffafdır, ədalətlidir. Bu da demokratik inkişaf üçün çox önəmli bir şərtdir” deyə, prezident bildirib.



Teqlər:  



Xəbər lenti