Apteklərdə ucuz dərmanlar niyə tapılmır? - Rəsmi Açıqlama

Apteklərdə ucuz dərmanlar niyə tapılmır? - Rəsmi Açıqlama
  06 Noyabr 2015    Oxunub:2819
“Qiymətləri təsdiq edilən dərman vasitələrinin sayı 3000-i ötüb”.
AzVision.az xəbər verir ki, bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov “Xalq” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, bunlardan Şuranın əvvəlki qərarları ilə qiymətləri təsdiq edilmiş təsiredici maddə qrupuna aid olan 1151 dərman vasitəsinin qiyməti artıq qüvvədədir: “Yeni təsiredici maddələr üzrə qiymətləri təsdiqlənən digər 1110 dərman vasitəsinin qiyməti dekabrın 1-dən, 749 dərman vasitəsinin qiyməti isə gələn ayın 21-dən qüvvəyə minəcək. Ümumilikdə, dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin bu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur”.

Təzyiq əleyhinə olan amlodipin, xolestirin tənzimləyici atorvastatin, qan durulaşdırıcı klopidoqrel tərkibli dərmanların qiymətlərinin 6-8 dəfə aşağı salındığını vurğulayan Şura rəsmisinin sözlərinə görə, qurumun son qərarı ilə həmçinin, öskürək əleyhinə olan, xolesterin tənzimləyici, ağrıkəsici, mədə-bağırsaq sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri və s. ilə əlaqədar dərmanların qiymətləri dəfələrlə endirilib”.

İlkin Məcidov həmçinin qiymətləri təsdiq edilən bəzi dərmanların satışda olmamasının səbəblərini də açıqlayıb. O bildirib ki, dərman vasitəsi qeydiyyatda olduğu müddət ərzində (Azərbaycanda qanunvericiliyə əsasən qeydiyyat vəsiqəsi hər dəfə növbəti 5 il üçün verilir) idxal, paylanma, marketinq siyasəti və s. kimi müxtəlif obyektiv səbəblərdən dəfələrlə gah aktiv, gah da passiv vəziyyətdə olur: “Ona görə də, Tarif Şurası tərəfindən təsdiq edilən qiymət cədvəlində dərman vasitələri ticarət adlarına görə deyil, tərkiblərinə (yəni, təsiredici maddələrə) əsasən sıralanıb”.

O, qiymətləri tənzimlənən dərman vasitələrinin həm tərkibi üzrə, həm də ticarət adına görə ümumi siyahısının qurumun rəsmi internet saytının (tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirildiyini və əlavə qiymətlər təsdiq olunduqca yeniləndiyini vurğulayıb: “İstehlakçılar qiymət cədvəli ilə tanış olduqda həmin dərmanın qiyməti ilə yanaşı tərkibi, eyni xəstəliklərin müalicəsi baxımından hansı alternativlərinin olduğu və hansı ölkədə istehsal edildiyi barədə müfəssəl məlumata sahib olurlar. Çünki dərman vasitələrinin qiymətləri məhz onların tərkibləri nəzərə alınaraq, optimal səviyyədə müəyyən edilir. O da məlumdur ki, dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi, “tanıtma xərcləri”ni artıraraq hər hansı bir adda dərmanı 3-5 dəfə, bəzən 8-10 dəfəyədək baha qiymətə satmaqla məşğul olan “marketinq firmaları”nın imkanlarını məhdudlaşdırır və həmin firmalar hazırkı şərtlərlə razılaşmaya və həmin adda olan dərmanı ölkəyə gətirməyə bilərlər. Buna baxmayaraq, dünyanın aparıcı şikətlərinin istehsalı olan və həmin dərmanla eyni tərkibə malik çox adda dərmanlar ölkəmizə idxal olunur və vətəndaşlar bu dərmanları daha optimal və aşağı qiymətə alacaqlar".

O vurğulayıb ki, tənzimləmə prosesi istehlakçıların maariflənməsini, dərman vasitəsinin ticarət adından asılılığın tədricən aradan qaldırılmasını zəruri edir: “Bu çərçivədə həm həkimlər, həm də apteklərdə çalışan əczaçılar öz sosial və peşə məsuliyyətlərinə uyğun olaraq əhalinin maariflənməsinə öz töhfələrini verməlidir”.


Teqlər:  



Xəbər lenti