Baş nazirdən QHT-lərlə bağlı qərar
Qeyri-hökumət təşkilatı ianəni qəbul etdiyi gündən 15 (on beş) gündən gec olmayaraq, ianənin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə (bundan sonra - reyestr) daxil etmək üçün Ədliyyə Nazirliyinə təqdim edir.
Eyni zamanda “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-1.4-cü maddəsinə uyğun olaraq, ianə edilən pul vəsaitləri qeyri-hökumət təşkilatının bank hesabına köçürmə yolu ilə qəbul edilir. Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı 200 (iki yüz) manatadək ianəni nağd şəkildə qəbul edə bilər və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-1.5-ci maddəsinə uyğun olaraq, barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.
Qeyri-hökumət təşkilatı tərəfindən qəbul edilmiş ianə üzrə əməliyyatlar, həmin ianə barədə məlumatın reyestrə daxil edildiyini təsdiqləyən bildiriş əsasında aparılır.
İanənin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların ƏdliyyəNazirliyinə təqdim edilməsinə gəlincə isə ərizə ianə qəbul edən qeyri-hökumət təşkilatının qanuni təmsilçisi tərəfindən imzalanır və həmin təşkilatın möhürü ilə təsdiq edilir. İanə edilən pul vəsaitləri 200 (iki yüz) manatdan artıq məbləğdə olduqda, ərizəyə ianənin qeyri-hökumət təşkilatının bank hesabına köçürüldüyünü təsdiq edən sənəd əlavə edilməlidir.
Bundan başqa qeyri-hökumət təşkilatı tərəfindən qəbul edilən ianələrin məbləği və ianəni vermiş şəxslər barədə təqdim edilmiş sənədlərdə reyestrə daxil olunması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Ədliyyə Nazirliyi həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün 5 (beş) iş günü müddət təyin edir.







Vaxtında, Aydın, Lazımlı!


