Əfqanıstan prezidenti Milli Məclisdə olub

Əfqanıstan prezidenti Milli Məclisdə olub
  22 Dekabr 2015    Oxunub:1355
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentdən verilən məlumata görə, spiker bildirib ki, bu cür görüşlər ölkələr arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, parlamentlərarası əməkdaşlığın daha da dərinləşməsi işinə xidmət edir.

O qeyd edib ki, Azərbaycan Əfqanıstanla əlaqələrin bugünkü səviyyəsindən məmnundur: “Heç şübhəsiz, Əfqanıstan nümayəndə heyətinin bu səfəri əməkdaşlığımızın daha da dərinləşməsi üçün yeni imkanlar açacaq. Əlaqələrimizin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində ölkə başçılarının qarşılıqlı səfərləri və görüşləri mühüm rol oynayır. Gələcəkdə imzalanacaq sənədlər münasibətlərimizin daha da dərinləşməsi üçün geniş imkanlar yaradacaq”.

Görüşdə ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığı qeyd edilib. O. Əsədov qeyd edib ki, yeni seçilmiş Milli Məclisdə Əfqanıstan parlamenti ilə dostluq qrupu formalaşdıqdan sonra parlamentlər səviyyəsindəki əlaqələrimiz daha intensiv xarakter alacaq. Spiker Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz xəttinin çəkilişi ilə bağlı razılığın əldə olunmasını yüksək dəyərləndirib: “Azərbaycan Əfqanıstana tranzit yüklərin daşınmasında əhəmiyyətli rol oynayır. Ölkəmiz Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kimi neft və qaz layihələrinin reallaşmasına nail olub və Bakı-Tiflis-Qars dəmiryolu xəttinin çəkilişində fəal iştirak edir. Gələcəkdə reallaşacaq TAP və TANAP kimi qaz layihələri isə Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi yeni mühüm töhfə olacaq”.

Sədr iqtisadi sahədə əlaqələrimizi dərinləşdirmək üçün mövcud olan imkanlardan söz açaraq, Əfqanıstanda ildə 500 ton xam neft emal edən zavodun inşasında azərbaycanlı iş adamlarının iştirakını təqdir edib. Spiker Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Əfqanıstanın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlığını ifadə edərək, əfqan xalqına sülh və əmin-amanlıq arzulayıb.

Məhəmməd Əşrəf Qani isə müstəqillik illərində Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirib. Siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığımızı təqdir edən qonaq iqtisadi sahədə də uğurlar qazanmaq üçün geniş imkanlar olduğunu bildirib. O, Azərbaycan sülhməramlılarının Əfqanıstandakı fəaliyyətinə görə Azərbaycan tərəfinə öz təşəkkürünü çatdırıb. Qonaq əməkdaşlığın daha da dərinləşməsində parlamentlərin roluna diqqət çəkərək, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini və deputatlarımızın nüfuzlu beynəlxalq qurumlarda səmərəli fəaliyyətini əhəmiyyətli hesab edib.

Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin komitə sədri Səməd Seyidov, deputat Mahir Aslanov və digər rəsmi şəxslər iştirak ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti