Fondda ciddi nöqsanlar aşkarlandı
Auditor layihənin əsas hədəf göstəricilərindən biri olan faydalananların tərkibində məcburi köçkünlərin sayının icma mikrolayihələrinin həyata keçirilməsi və ictimai yaşayış binalarının (İYB) təmiri və bərpası üzrə nəzərdə tutulmuş göstəricilərə tam riayət edilmədiyini, gəlir əldə etməyə imkan verən fəaliyyət alt-komponenti üzrə isə yaradılmış mikromüəssisələrin əksəriyyətinin heyvandarlıq və kənd təsərrüfatı sahələrində təşkil edildiyini, əhatə edilən ailələrin müəyyən edilmiş aylıq gəlirinin məbləği, habelə yaradılmış MMC-lərin fəaliyyətinin davamlılıq və gəlirlilik vəziyyəti üzrə hədəflər izlənmədiyini diqqətə çatdırıb. Həmçinin mikromaliyyə proqramları çərçivəsində ayrılmış mikrokreditlərin nəzərdə tutulmuş kontingentin 53,1%-ni təşkil etdiyi, bunun isə 71,4%-nin əvvəlki illərdə kredit alan şəxslərdən ibarət olduğu bildirilib. Eyni zamanda seçilmiş kredit ittifaqları tərəfindən kreditlər verilərkən hesablanmış faizlər üzrə qalıq borcların yarandığı və bu qalıqların ilbəil artdığı açıqlanıb.
Auditor Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun fəaliyyət prinsiplərini, Dünya Bankının kreditləri cəlb edilməklə həyata keçirilən layihələrin şəffaf və dəqiq əlaqələndirilməsi və icra olunması üzrə Fond tərəfindən əməl olunmalı qayda və prosedurları müəyyən edən “Əməliyyat Rəhbərliyi” sənədinin Fondun Nizamnaməsinə uyğun olaraq təsdiq olunmasını zəruri sayıb.
Eyni zamanda icma mikrolayihələrinin həyata keçirilməsi komponenti üzrə mikrolayihələrinin seçimi zamanı müəyyən edilmiş meyarlar və qaydalara tam riayət olunmasını zəruri hesab edib. Həmçinin layihənin icra müddəti ərzində faydalananların sayı və tərkibi üzrə müəyyən olunmuş hədəf göstəricilərinə və müvafiq sosial meyarlara nail olunmasına nəzarətin gücləndirilməsi, o cümlədən faydalananların say tərkibində məcburi köçkünlərin sayının artırılması, infrastruktur mikrolayihələri həyata keçirilmiş obyektlərdə benefisiarların nəticələrdən istifadə imkanlarının artırılması, məcburi köçkünlərin təşkilatlanması ilə yaradılan mikromüəssisələr tərəfindən fəaliyyət növlərinin kənd təsərrüfatı ilə bağlı sahələrlə yanaşı, digər sahələrdən də seçilməsinin həvəsləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədəmüvafiq hesab edilib.
Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya qərarının layihəsi də müzakirə edilərək qəbul olunub və icra edilməsi məqsədilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna göndərilib.







Vaxtında, Aydın, Lazımlı!


