`Azərbaycan bu əfvlə onlara öz gücünü göstərdi` - Sahib Məmmədov

`Azərbaycan bu əfvlə onlara öz gücünü göstərdi` - Sahib Məmmədov
  29 Dekabr 2015    Oxunub:4094
“Müxalifət təmsilçiləri iddia edirlər ki, əfv sərəncamı narkomanlara, cinayətkarlara, tüfeylilərə şamil olunub. Bu yanaşma həqarətlidir. Çünki, məhkum olunan hər bir kəsin vaxtından öncə azad olunma hüququ var”

Bu fikirləri AzVision.az-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, müxalifət təmsilçilərinin əfvlə bağlı səsləndirdiyi iddialar yersizdir və bayram ərəfəsində əfv sərəncamının verilməsi ölkə başçısının humanistliyindən irəli gəlir.

S. Məmmədov qeyd edib ki, əfv sərəncamından öncə ictimai sektorda olan bəzi şəxslərin azadlığa çıxacağı ilə bağlı gözləntilər var idi: “Leyla və Arif Yunuslar barədə məhkəminin humanist qərarından sonra bu şəxslərə də əfv sərəncamının tətbiq olunması gözlənilən idi. Eyni zamanda bu hadisələrin fonunda beynəlxalq təzyiq artmışdı. Yəni, vahid şəbəkə - ABŞ-dakı bədnam konqresmen Kris Smit, Avropa Şurasının baş katibi Tyorborn Yaqland, xaricdən maliyyələşən ölkədəki bəzi qruplar vahid siqnal əsasında fəaliyyət göstərir və müxtəlif hesabatlar hazırlayırlar. Bu yaxınlarda 93 nəfərlik siyahı və 38 səhifəlik hesabat ortaya çıxdı. Bunların hər biri hökumətə təzyiq, meydan oxuma, ultimatum vermək xarakteri daşıyırdı. Azərbaycan dövləti nümayiş etdirdi ki, kiminsə təzyiqi ilə qərar qəbul etmir. Dövlət öz gücünü göstərdi. Ümumilikdə isə 210 nəfərə əfv sərəncamının tətbiq olunması humanist addımdır”.

S. Məmmədov vurğulayıb ki, əfv sərəncamında hüquq müdafiəçilərinin verdiyi vəsatətlər nəzərə alınıb.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti