Tibbi Sosial Ekspert Komissiyaları ləğv olunur

Tibbi Sosial Ekspert Komissiyaları ləğv olunur
  06 Yanvar 2016    Oxunub:5375
Respublikada əlilliyin təyini yalnız səyyar komissiyalar tərəfindən həyata keçiriləcək.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ilkin əlilliyi Tibbi Sosial Ekspert Komissiyaları (TSEK) deyil, tibbi-sosial ekspertiza mütəxəssislərdən ibarət səyyar komissiyalar təyin edəcək.

Nazir qeyd edib ki, əlilliyin təyini yalnız səyyar komissiyalarda aparılacaq. Onlar iki dəfə yerlərə ezam olunacaqlar. Nəticələr dərhal elektron sistemə daxil ediləcək. Həmin şəxslər komissiya üzvlərini tanımadıqlarına görə, bu, neqativ halları aradan qaldıracaq. Nazir deyib ki, bununla da, vətəndaşların əlilliyin təyin olunması ilə bağlı TSEK-lərə müraciət etməsinə ehtiyac olmayacaq.

S. Müslümovun sözlərinə görə, təkrar əlilliyin təsdiqi üçün 250 min adam 5 il ərzində müraciət etməyəcək. Uşaqlar üzrə isə bu müddət 3 il müəyyən edilib. Dəyişiklikdən sonra isə müraciət edənlərin əksəriyyəti ilk dəfə üçün müraciət edənlər olacaq. Bir ildə 40 minə yaxın insan maksimum müraciət edə bilər.

“Müayinələrdə şəffaflıq üçün müvafiq addımlar atılmalıdır. Biz prosesi sadələşdiririk.Bakıda əlilliyin müayinəsi üçün səyyar komissiya üzvləri isə rayonlardan gələn komissiya üzvləri olacaq. Daha düzgün qərar çıxarılacaq və obyektiv olacaq. Gələcəkdə isə insanların mobil telefonlarına həmin şəxsin hansı gün hansı şəhərdə müayinə olunacağı ilə bağlı məlumat daxil olacaq. Bu, əlillik verilən şəxslərin sayını 20-25 % aşağı salacaq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti