`Şamaxinka`dakı təpə tamamilə sökülüb

Qeyd edək ki, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2014-2018-ci illər) əsasən, Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilometrlik hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində yolun Xırdalan dairəsi istiqamətinə doğru olan hissəsinin 9-cu kilometrliyində yerləşən yerüstü piyada keçidinin dayaqlarının sökülməsi işləri aparılır. Artıq dayaqların sökülməsi, yeni dayaqların tikintisi və mövcud keçidin yeni dayaqlara doğru tikilərək uzadılması işləri başa çatıb. Hazırda yeni giriş hissənin tikintisi aparılır. İşlər tam başa çatdıqdan sonra həmin hissədə yol 5-6 metr genişlənəcək, yolun hərəkət hissəsi isə əlavə 1 hərəkət zolağı enində genişləndirilərək 4 hərəkət zolağına çatdırılacaq.
Yolun Xırdalan dairəsinə doğru olan hissəsinin də 1 hərəkət zolağı enində genişləndirilməsi işləri aparılır. Bu işlər 1 200 metrlik ərazini əhatə edəcək. Aparılacaq təmir-tikinti işləri çərçivəsində yol kənarlarında səth sularının normal kənarlaşdırılması üçün suötürücü küvetlər də tikiləcək.
Yerüstü piyada keçidinə çatmamış yolun kənarında təqribən 150 metr uzunluğunda, 10-15 metrində olan süni təpəciyin sökülməsi və yolun genişləndirilməsi işləri də tam olaraq yekunlaşdırılıb. Nəticədə bu hissədə yol daha 3 hərəkət zolağı enində genişləndirilib.
Xatırladaq ki, bundan öncə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2014-2018-ci illər) uyğun olaraq Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 6-9-cu kilometrlik hissəsində “Azəravtoyol” ASC tərəfindən aparılmış yenidənqurma işləri çərçivəsində yol 2-4 hərəkət zolağı enində genişləndirilib. Bu isə həmin ərazidə yaranan tıxacların xeyli azalmasına gətirib çıxarıb.
Teqlər: