`Mavr işini gördü`, indi Həsənli gedə bilər

`Mavr işini gördü`, indi Həsənli gedə bilər
  30 Mart 2016    Oxunub:6006
Ehtiram Mehdiyev

Artıq 23 ildir ki, müxalifət birlik axtarışındadır. Lakin təssüf ki, bu yolda kiçik intiriqalar böyük ideyaların reallaşmasına imkan vermir. Və beləcə 23 ildir müxalifət axtardığını tapa bilmir ki, bilmir.


Yaxşı yadımdadır, hələ onda Milli Şura yeni yaranmışdı, hələ sədr seçilməmişdi, AXCP rəyasət heyətinin üzvlərinin birinə “Sizcə, sədr kim olacaq?” sualını vermişdim. O isə “Darıxma, sədr bizim adamlardan olacaq” demişdi. Elə o gün bu birliyin ölkəyə, xalqa deyil, kimlərinsə şəxsi mənafelərinə xidmət edəcəyini demişdim. O zaman bu yanaşmama görə mənə qarşı bacardıqları iş, qara kampaniya başlatmaq olmuşdu.

Zaman yanılmadığımı göstərdi. Bu gün Milli olmayan şuraya, milli yox, Əli Kərimli şurası adı verilməsi daha düzgün olardı. Bu şurada hansısa milli ideyadan söhbət belə gedə bilməz, orada yalnız Əli Kərimlinin mütəşəkkil komandası və onların çıxardıqları oyunlar var. Çünki heç bir zaman Milli Şura adında birlik olmayıb. Həmişə birlikdə təmsil olunanları Əli Kərimli şəxsən özü seçirdi. Ona görə də, zamanla bura qoşulan təşkilat, partiyalar və ictimai fəallar başa düşürdülər ki, qurumda heç bir perspektiv yoxdur. Və verilən hər qərarın əslində şəxsi ambisiyalara xidmət edən çirkin bir oyun olduğunu anlayanlar istefa verirdilər.

Bugün ölkəni mövcud iqtisadi böhrandan çıxartmaq üçün Milli Şuranın hər hansı bir təklifini görmədik. Bu da onu göstərir ki, onların fəaliyyəti sıfırın altındadır. Səbəb də sadədir, bu layihə xaricdən maliyyələşirdi. Maliyyənin kəsilməsi isə şurada gərginliyə səbəb oldu. İstər seçkilərdə, istərsə də seçkilərdən sonra Milli Şurada intiriqaların pik həddə çatdığını müşahidə etdik. Seçkilərdən ən zəif nəticə qazanan Əli Kərimli isə özü nüfuzdan düşdüyü üçün, çalışdı ki, Cəmil Həsənlini də cəmiyyətdə hörmətdən salsın. Və düşünürəm Əli Kərimli buna nail oldu.

Artıq Cəmil Həsənlinin Əli Kərimli şurasından istefa verməsi heç nəyi dəyişmir. Olan oldu. Çünkü Cəmil Həsənlinin bu çirkin oyunda rol alması onun siyasi imicindən daha çox ziyalılığına, cəmiyyətdə olan hörmətinə zərbə oldu. Xatırladım ki, bu, Cəmi Həsənlinin ilk istefası deyil. Hətta o, vaxtilə Azərbaycan Xalq Cəbhəsi Partiyasından da Əli Kərimliyə görə istefa vermişdi.


Teqlər:






Xəbər lenti