`İşsizlik insanları radikallığa sürükləyir`- BMT nümayəndəsi

`İşsizlik insanları radikallığa sürükləyir`- BMT nümayəndəsi
  26 Aprel 2016    Oxunub:1730
“Miqrantlar terrorçu təşkilatlar tərəfindən böyük risklə üzləşdiyi üçün onlara fərqli münasibət olmamalıdır. Bütün bunlar son 10 ildə əldə edilmiş nailiyyətləri təhlükə altında qoyur. Səylərimizi artırmalıyıq, heç kim bu işdən kənarda qalmamalıdır”.
AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser deyib. Ali nümayəndə bildirib ki, bu Alyans insanların beyninə və qəlbinə yol açacaq:

“BMT-nin Sivilizasiyalar Alyansının proqramları tolerantlıq və multikulturalizmi təbliğ edir. Biz ədavət və etimadsızlığın təbliğinə qarşı çıxmalıyıq. Alyans qütbləşmənin qarşısını almaqla daha təhlükəsiz dünyanın qurulmasına töhfə vermək üçün qurulmuş mexanizm rolunu oynayır. Bu ilin mövzusu inklüziv cəmiyyətlərdə birgə yaşama, çağırış və məqsəd mövzusudur. Davamlı inkişaf naminə sülhsevər və inklüziv cəmiyyətlər təşviq edilməlidir.

Davamlı inkişaf sülh və təhlükəsizlik olmadan həyata keçirilə bilməz. Gender bərabərsizliyi, gənclər arasında işsizlik insanları radikallığa sürükləyir. Təhlükəsizlik məsələlərinə birtərəfli diqqət nəticə vermir. Biz zorakı ekstremizm səbəblərinin aradan qaldırılmasına xüsusi diqqət yetirməliyik”.

BMT nümayəndəsi əlavə edib ki, bir çox gənclər layiqli həyatdan məhrum olduğu üçün ekstremizmə qoşulur: “Biz daha yaxşı həyat düşüncəsinə dəstək olmalıyıq. Gənclərin səsi siyasi qərarların qəbul edilməsində eşidilməlidir. Gənclər inklüziv cəmiyyətlərin qurulmasında mühüm elementdir. Bütün bunların hamısı BMT-nin Sivilizasiyalar Alyansının mandatına daxildir.

Biz BMT-nin digər qurumları ilə birlikdə zorakı ekstremizmə qarşı proqramın hazırlanmasında iştirak etmişik. Din və təhsil məsələlərinə bu aspektdə xüsusi diqqət yetiriləcək”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  






Xəbər lenti