`BMT Qarabağ problemini görməzdən gəlir`- PA rəsmisi

`BMT Qarabağ problemini görməzdən gəlir`- PA rəsmisi
  27 Aprel 2016    Oxunub:2051
“Bu gün BMT ilə birgə Sivilizayasiyalar Forumunu keçirən zaman gəlin, bir şeyi düşünək. BMT Sivilizasiyalar Alyansı bir neçə il əvvəl necə yarandı? Bu Alyansın yaranması nə ilə bağlıdır?”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində “Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda panel iclasında deyib.

PA rəsmisi BMT-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyini vurğulayıb: “Siz bilirsiniz ki, ikinci Dünya müharibəsindən sonra BMT sülhün bərqərar olması üçün yaradıldı. Gəlin, dürüst olaq ki, BMT bu işin öhdəsindən gəlmədi və ona görə İspaniya və Türkiyənin təşəbbüsü ilə Sivilizayasiyalar Alyansı yaradıldı.

Ümumiyyətlə, son zamanlar regional və beynəlxalq təşkilatların yaradılması yağışdan sonra çıxan göbələyi xatırlardır. Lakin bütün bunlara baxmayaraq, problemlər həll olunmur. Hər halda istənilən münaqişə ilə bağlı beynəlxalq hüququn tətbiq olunması hər hansı böyük dövlətin görmək istədiyindən yaxşı olardı”.

N.Məmmədov bildirib ki, Qarabağ münaqişəsinin həll edilməməsi ilə bağlı ABŞ, Rusiya, Fransa və BMT-yə sual verilməlidir. Ancaq BMT bu məsələdən tamamilə kənardadır, problemi görməzdən gəlir.

“BMT bir dəfə də olsun, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirməyib, bu məsələni ATƏT-ə tapşırıb. ATƏT də bu məsələni 3 həmsədr dövlətə tapşırıb. Təxminən bir ay əvvəl Azərbaycan AŞPA-da bir məsələni qaldırmışdı. O, məsələnin müzakirəsindən əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri quruma üzv olan xarici işlər nazirlərinə tapşırıq verdi ki, bu məsələnin əleyhinə səs versinlər. Bu üç ölkənin quruma üzv olan digər ölkələrə tapşırıq verməsi nə dərəcədə doğrudur? Dağlıq Qarabağ ətrafında işğal olunan yeddi rayonun ərazilərinə Ermənistan heç bir iddia edə bilməz. Heç olmasa dünya birliyi bu məsələ ilə bağlı ən azı bir reaksiya versin”,-deyə PA rəsmisi qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti