YAP-da Heydər Əliyevlə bağlı konfrans keçirilib - FOTOLAR

YAP-da Heydər Əliyevlə bağlı konfrans keçirilib - FOTOLAR
  07 May 2016    Oxunub:3226
Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) “Heydər Əliyev irsi və multikultural dəyərlər” mövzusunda XIII konfrans təşkil edib.
AzVision.az xəbər verir ki, konfransda partiyanın rəhbərliyi və üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən dini icmaların rəhbərləri və digər şəxslər iştirak ediblər.

Konfransda çıxış edən YAP-ın sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, ulu öndər Heydər Əliyevin doğum gününün yüksək coşqu ilə qeyd olunması Azərbaycan xalqının dahi şəxsiyyətin ölkəmiz qarşısında xidmətlərinə verdiyi yüksək qiymətin, onun xatirəsinə hörmət və ehtiramının təzahürüdü. Əli Əhmədov konfransın multikulturalizm mövzusuna həsr olunmasının əsas səbəbi kimi Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda elan edilən “Multikulturalizm ili”nə töhfə vermək olduğunu göstərib.

O, ikinci səbəb kimi Azərbaycanda tolerantlığı dövlət siyasətinə çevirən ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın və multikulturalizmin inkişafı sahəsində xidmətlərinin dərindən öyrənilməsi olduğunu qeyd edib. Baş nazirin müavini Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq məfkurəsinin özündə multikulturalizm və tolerantlıq ideyasını əks etdirdiyini xüsusi vurğulayıb.

Qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev tolerantlığı və multikulturalizmi cəmiyyətin monolitliyini, möhkəmliyini şərtləndirən ən vacib amil kimi görürdü.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə isə bildirib ki, Azərbaycan milli və bəşəri dəyərlərə ehtiramı ilə seçilən məkandır. Bu dəyərlərə ehtiram Heydər Əliyevin zamanında daha yüksək səviyyəyə qaldırılaraq, ümumdövlət səciyyəli məsələyə çevrildi, tolerantlıq, multikulturalizm dövlət siyasəti qismində həyata keçirilməyə başlandı.

Ulu öndər Heydər Əliyevin prezidentliyinin ilk günlərində Təzəpir məscidinə gəldiyini xatırladan Allahşükür Paşazadə ölkəmizdə dinə dövlət qayğısının göstərilməsini, onun məscid və ibadət yerlərinin bərpa edilməsi sahəsində xidmətlərini Azərbaycanda dövlət-din münasibətlərinin inkişafı baxımından önəmini vurğulayıb. Ulu Öndərin iftar mərasimlərində, müxtəlif dini bayramlarda və tədbirlərdə daim fəal iştirak etdiyini deyən QMİ sədri bildirib ki, Azərbaycanda dini və milli monolitliyin möhkəmləndirilməsi baxımından mühüm önəm daşıyan bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkəmizdə multikulturalizmin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xidmətlərini yüksək qiymətləndirən şeyxülislam Fondun istər respublikamızda, istərsə də xarici ölkələrdə müqəddəs dini məkanların bərpasına mühüm töhfə verdiyini vurğulayıb.
Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev çıxış etdi.

Azərbaycanda multikulturalizm siyasətinin qədim qaynaqları olduğunu vurğulayan K.Abdullayev qədim Alban və digər dövlətlərdə multikultural və tolerant cəmiyyətin mövcud olduğunu diqqətə çatdırıb. O, Şirvanşahlar dövlətindən, Səfəvi imperiyasından başlayaraq, Azərbaycan Respublikasınadək ölkəmizdə qurulan bütün dövlətlərdə tolerant və multikultural dəyərlərin və cəmiyyətin olduğunu, digər dinlərə və millətlərə aid dəyərlərə yüksək hörmət və ehtiramın göstərildiyini vurğulayıb.

Dövlət müşaviri dünyada multikulturalizmin dərin böhran içində olduğu bir dövrdə Azərbaycan Prezidentinin bəyanatlarını mühüm çağırış kimi qiymətləndirib. Vurğulayıb ki, hazırda dünyanın 13 universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir.

Sonra ölkəmizdə fəaliyyət göstərən dini icmaların rəhbərləri çıxış etdilər.

Elvin Abdulqədirov
Foto: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər:  






Xəbər lenti