Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək
Toplantıda Dünya Azərbaycanlılarının III Qurultayından keçən dövr ərzində görülmüş işlər müzakirə olunacaq, həmçinin müasir dövrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, gənclərin diaspor hərəkatına cəlb olunması, lobbi quruculuğu və digər bir sıra mühüm məsələlər üzrə fikir mübadiləsi aparılacaq. Qurultayda qeyd olunan mövzuların müzakirəsi üçün panellərin təşkili, eləcə də Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının nümayəndələri ilə görüşlərin keçirilməsi də gözlənilir.
Qurultayda diaspor təşkilatlarının qarşısında duran vəzifələrin dəqiq müəyyən edilməsi, diaspor təşkilatlarının fəaliyyət strategiyasının müasir reallıqlara uyğun şəkildə qurulması, həmçinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görüləcək işlərlə bağlı müvafiq məsləhətləşmələr əsasında vahid təbliğat konsepsiyasının hazırlanması nəzərdə tutulur.
Qurultayın yekununda bir neçə sənədin qəbulu gözlənilir.
Qeyd edək ki, hazırda dünyanın bir çox ölkəsində 450-dən çox Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


