Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələrin aparılacağı görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, onun fransalı həmkarı Jan-Mark Ero və ABŞ dövlət katibi Con Kerri də iştirak edəcək.
Rusiya XİN prezidentlərin görüş xəbərini təsdiqləsə də, Rəsmi Bakı bununla bağlı hər hansı açıqlama verməyib.
Cəbhədə erməni təxribatlarının davam etdiyi vaxtda prezidentlərin görüşü nə vəd edir? Azərbaycanın bu görüşdən gözləntiləri nədən ibarətdir?

Millət vəkili Asim Mollazadə hesab edir ki, Vyana görüşü müsbət nəticə vəd etmir. Deputatın sözlərinə görə, dünya gücləri tərəfindən Ermənistana qarşı sanksiyalar tətbiq edilmədikcə, danışıqlar müsbət nəticə verməyəcək.
“Biz beynəlxalq təşkilatlarda, böyük dövlətlərdən Ermənistanı sülhə məcbur edəcək mövqe gözləyirik. Beynəlxalq hüquq normalarını bərqərar etmək üçün Ermənistana təzyiq edilməsə, sanksiyalar tətbiq edilməsə, danışıqları yenə də nəticə verməyəcək. Ermənistanı sülhə məcbur etmək üçün heç bir addım atılmadığından belə görüşlərin də müsbət nəticə verəcəyini düşünmürəm. Çünki, bu istiqamətdə dəfələrlə görüşlər keçirilib və heç bir nəticəsi olmayıb.
Müzakirə üçün ən əsas məsələ Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, BMT qətnamələrinin tətbiq edilməsidir ki, bundan sonra real addımlar atmaq, sülh barədə danışmaq olar. Bu hal baş vermədikcə, keçirilən görüşlərin müsbət nəticəsi olmayacaq”.

Politoloq Qabil Hüseynlinin fikrincə, Vyana görüşü hazırlanmamış görüşə bənzəyir: “Görüşün baş tutması kifayət qədər real deyil. Eyni zamanda görüşdə müzakirə olunacaq məsələlər də bəlli deyil. Həmçinin görüşdə müzakirə olunması üçün hər hansı bir sənəd, formul yoxdur. Göydəndüşmə bir görüşün keçirilməsi ilə bağlı həmsədrlərin də yetkin bəyanatı yoxdur. Bu səbəbdən Azərbaycan tərəfi belə hazırlanmamış görüşlərə getməyin tərəfdarı deyil. Bu nöqteyi-nəzərdən Vyana görüşünün baş tutma ehtimalını zəif hesab edirəm”.
Politoloq hesab edir ki, görüşdə Rusiya, Fransa xarici işlər nazirlərinin, ABŞ Dövlət Katibinin iştirakı iştirakı prosesin beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə uyğun aparılması ehtimalını artırır. Son dövrlər ABŞ Qarabağla bağlı mövqeyini açıq şəkildə ifadə edir.

Politoloq Fikrət Sadıqov vurğulayıb ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü aparıcı dövlətlər üçün xüsusi önəm daşıyır.
“Aprel döyüşlərindən sonra onlar təşvişə düşüblər. Ona görə də bəzi dövlətlər çalışırlar ki, bölgədə stabillik olsun. Hesab edirəm ki, qarşılarına münaqişənin həlli ilə bağlı məqsəd qoyublarsa, məsələni Ermənistanla həll etməlidirlər. Çünki, işğalçı, daim təxribatlar törədən Ermənistandır. Vyana görüşü bölgədə sabitliyin yarnması naminə təşkil edilirsə, bu, müsbət nəticə verməyəcək. Azərbaycan dəfələrlə dünyaya bəyan edib ki, işğal faktı ilə barışmayacaq.
Bundan əlavə deyə bilərəm ki, görüşü təşkil edən dövlətlərin konkret həll planı varsa, görüş müsbət nəticə verə bilər. Hesab edirəm ki, Rusiya prezidentinin Azərbaycana mayın sonuna planlaşdırılan səfəri də hər hansı bir planın varlığı ilə bağlıdır”.

Görüşdə Lavrov və Kerrinin iştirakına gəlincə politoloq qeyd edib ki, bu hal yeni təkliflərin irəli sürülməsinə imkan verə bilər: “Onların görüşdə formal iştirakı bizim üçün əhəmiyyət kəsb etmir”. Hesab edirəm ki, Kerri və Lavrov görüşə hər hansı bir planla gəliblər. Onlar dəfələrlə Dağlıq Qarabağı telefonla müzakirə ediblər. Hər şeyi zaman göstərəcək”.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


