`Təşəkkürlər, Mehriban xanım` - Hüquq müdafiəçiləri
Amnistiya aktı təşəbbüsü 28 May Müstqəlillik günü ilə bağlıdır. Amnistiya aktının 10 min məhkumu əhatə edəcəyi gözlənilir. Bu təşəbbüs nəticəsində 3500 məhkum azadlıqdan məhrum etmə yerlərindən azad olunacaq.
Millət vəkilləri, hüquq müdafiəçiləri Mehriban Əliyevanın bu təşəbbüsünü alqışlayıblar.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı amnistiya təşəbbüsü ilə çıxış etdiyinə görə, birinci xanıma təşəkkür edib: “Bir müddət əvvəl bununla əlaqədar mətbuat vasitəsi ilə Mehriban xanıma müraciət etmişdim. Təsadüf elə gətirdi ki, arzum reallaşdıb. Amnistiyaya düşənlər sırasında çoxlu qadın, yeniyetmə görmək istərdim. Çox şadam ki, 3000-dən yuxarı insan ailəsinə qoşulacaq. Təşəkkürlər, Mehriban xanım”.
“Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədov Mehriban Əliyevanın bu təşəbbüsünü böyük humanistlik kimi qiymətləndirib.
“Azərbaycan prezidenti İlham Əliyev mütəmadi olaraq əfv sərəncamları imzalayır. Bu sərəncamların sayı 60-ı keçib. Əfvdən fərqli olaraq amnistiya daha geniş, əhatəli aktdır, minlərlə insanı əhatə edir. Hər zaman hüquq müdafiəçiləri bu aksiyanı alqışlayıb. Mehriban xanım bu hüququndan bir neçə dəfə istifadə edib. Minlərlə insan amnistiyadan bəhrələnəcək. Bu, böyük humanist addımdır”.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, ölkənin birinci xanımının belə bir təşəbbüslə çıxış etməsi müsbət haldır: “Amnistiya çox gözəl təşəbbüsdür. Bu təşəbbüslə minlərlə insan azadlığa qovuşur. Ümid edirəm ki, amnistiya aktı ilə siyahımızda olan 8 məhbusun cəzalarının çəkilməmiş hissələrindən bir neçə ili silinəcək və cəzalarını başa vurmuş olacaqlar”.
Qeyd edək ki, bu, Azərbaycanın birinci xanımının amnistiya aktı ilə bağlı 4-cü müraciətidir.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


