Parisdə Vyana görüşünün detalları müzakirə olundu

Parisdə Vyana görüşünün detalları müzakirə olundu
  19 May 2016    Oxunub:2114
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Fransaya işgüzar səfəri çərçivəsində Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüşü baş tutub.

XİN-dən AzVision.az-a verilən xəbərə görə, söhbət zamanı tərəflər Vyanada keçirilmiş Ermənistan-Azərbaycan münaqişəsinə dair yüksək səviyyəli görüşün nəticələri haqqında geniş fikir mübadiləsi aparıblar.

Nazirlər atəşkəs rejiminə əməl edilməsinə dair razılığa hörmət edilməsinin, habelə münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin tam bərpa edilməsinin əhəmiyyətini təsdiq etdilər.

Nazir Elmar Məmmədyarov Fransa tərəfinin Vyanada prinsip etibarilə razılaşdırılmış ən qısa zamanda Azərbaycan və Ermənistan Prezidentlərinin növbəti görüşünün təşkil etməyə hazır olmasını alqışlayıb.

Tərəflər həmçinin Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin gündəliyində olan digər məsələləri müzakirə edilər.

Fransalı nazir həmkarının Azərbaycana rəsmi səfər etmək dəvətini məmnuniyyətlə qəbul edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti