`Ölkəmizə qarşı ədalətsizlik hələ də davam edir` - Məmmədyarov
Müasir dünyada baş verən dramatik dəyişikliklər nəticəsində dünya ölkələrinin üzləşdiyi hərbi təcavüz və qanunsuz işğal kimi ənənəvi təhdidlərlə yanaşı, kiberterrorizm, kütləvi miqrasiya kimi qeyri-ənənəvi problemlərin beynəlxalq və regional təhlükəsizlik arasında sərhədləri aradan qaldırdığını qeyd edən xarici işlər naziri bu problemlərlə effektiv mübarizə aparmaq yolları haqqında danışıb.
E.Məmmədyarov dünyada baş verən ədalətsizliklərin aradan qaldırılması məqsədilə gücün deyil, hüququn hökmranlıq etməsinin əsas olduğunu bildirərək, dünya birliyi tərəfindən beynəlxalq hüquqa tam əməl olunması üçün effektiv mexanizmlərin yaradılmasının əhəmiyyətini vurğulayıb. Bu xüsusda, Ermənistan tərəfindən iyirmi faizdən çox ərazilərimizin işğal olunması və ölkə əhalisinin hər doqquz nəfərdən birinin qaçqın və ya məcburi köçkünə çevrilməsi ilə bağlı Azərbaycanın üzləşdiyi ən böyük ədalətsizlik haqqında danışaraq, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, işğal faktına son qoyulmadığını, ölkəmizə münasibətdə ədalətsizliyin hələ də davam etdiyini təəssüflə qeyd edib.
E. Məmmədyarov son dövrlər kütləvi xarakter alan miqrasiya böhranına toxunaraq, problemin müharibələr deyil, həmin ölkələrin üzləşdiyi iqtisadi çətinliklərdən qaynaqlandığını diqqətə çatdırıb. Miqrasiya böhranının səmərəli həlli üçün davamlı inkişaf yolu ilə iqtisadi şərait və imkanların yaradılmasının vacibliyini bildirib.
Eyni zamanda multikulturalizm ideyaları, bu ideyaların təşviq olunmasının əhəmiyyətinə toxunub, Azərbaycanın dünyada multikulturalizm və tolerantlıq nümunəsi olduğunu nəzərə çatdırıb. Ekstremizm və terrorizmlə mübarizədə əməkdaşlıq haqqında danışan E. Məmmədyarov beynəlxalq və regional təhlükəsizliklə bağlı təhdidlərin dəf edilməsi üçün dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının vacib şərt olduğunu vurğulayıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


