ANAMA minatəmizləmə əməliyyatlarını davam etdirir

ANAMA minatəmizləmə əməliyyatlarını davam etdirir
  02 İyun 2016    Oxunub:1609
İyunun 1-də 7 ev və həyətyanı sahəyə, 6 əkin sahəsinə, 22 partlayış yerinə baxış keçirilib. Dörd partlamamış hərbi sursat (2 qrad raketinin mühərrik hissəsi, 1 qrad raketi və 100 millimetrlik 1 top mərmisi) aşkar olunaraq götürülüb. Gün ərzində 43 min 889 kvadratmetr ərazi minalardan təmizlənib.
Bu barədə ANAMA-nın iyunun 1-də Füzuli, Ağdam və Tərtər rayonlarında aşkar olunmuş partlamamış hərbi sursatlar barədə yaydığı hesabatında bildirilir.

ANAMA-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Tərtər rayonunun Şıxarx kəndində iki ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib. Bir qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, 15 min kvadratmetr ərazi yoxlanılıb. Cəmilli kəndində 1 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilib və 1 qrad raketinin mühərrik hissəsi aşkar olunaraq götürülüb. 8 min kvadratmetr ərazi yoxlanılıb.

Tərtər rayonunun Qarağacı, Ağdam rayonunun Qaradağlı, Ballar kəndlərində ev və həyətyanı sahələrə, əkin sahələrinə, partlayış yerlərinə baxış zamanı hərbi sursat aşkar olunmayıb. Yoxlanılan ərazi 18 min 500 kvadratmetr təşkil edib.

Füzuli rayonunun Horadiz şəhərində dörd əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib. İki partlamamış hərbi sursat (1 partlamamış BM-21 raketi və 100 millimetrlik 1 top mərmisi) aşkar edilib. 2 min 389 kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə, agentlik tərəfindən aprelin 7-dən iyunun 1-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 555 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 21 fermaya, əkin sahələrinə və 1 şərab zavodu ərazisinə baxış keçirilib. 1483 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina, 3 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

AzVision.az


Teqlər:  






Xəbər lenti