Ağstafada məktəb və xəstəxanada barama qurdu yetişdirilir

Ağstafada məktəb və xəstəxanada barama qurdu yetişdirilir
  02 İyun 2016    Oxunub:4432
Ağstafa rayonunda məktəb və xəstəxanada barama qurdu yetişdirilir. Hadisə rayonun Poylu kəndində müşahidə edilib.
Poylu kənd S. Məmmədov adına tam orta məktəbinin direktoru Xatirə Həsənova AzVision.az-a açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, məktəbdə barama qurdu İcra Hakimiyyətinin göstərişinə əsasən yetişdirilir.

“İcra nümayəndəliklərinə göstəriş verilib ki, boş olan yerlərdə müəyyən insanlar barama qurdu yetişdirsinlər. Bizim məktəbimiz isə iki mərtəbli, 624 yerlikdir. Məktəbin bir hissəsi boş olduğu üçün orada müvəqqəti barama qurdu yetişdirmək mümkündür. Rayon Təhsil Şöbəsinin müdirinə bu haqda məlumat verdim. O da razılıq verdi”.

X.Həsənova məktəbin şagirdlər oxuyan hissəsi ilə barama qurdu yetişdirilən hissəsi arasında arakəsmə olduğunu və onların həmin tərəfə keçmə imkanın olmadığını bildirib.

“Məktəbimiz “0” formasındadır. Barama qurdu yetişdirilən hissənin girişi məktəbin sağ tərəfində olan fövqəlada hallar üçün nəzərdə tutulan qapıdandır. Bizim girişimiz əsas hissədəndir. Bu prosesin şagirdlərin təhsili və təhlükəsizliyinə heç bir təsiri yoxdur. Bizim məktəblə yanaşı boş olan xəstəxanada da barama qurdu yetişdirilir”.

Məktəb direktoru barama qurdunun mayın 1-dən yetişdirildiyini vurğulayıb: “May ayında burada hazırlıqlara başlanılıb və ayın 5-dən barama qurdları gətirilib. 1-2 günə artıq qurdlar sarılıb, təhvil veriləcək”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  






Xəbər lenti