İTV-nin əməkdaşı qovulma xəbərini təkzib etdi

İTV-nin əməkdaşı qovulma xəbərini təkzib etdi
  30 İyul 2013    Oxunub:1257
Adım “Facebook”da işarələndikdən sonra hər gün işdən çıxmağımla bağlı ərizə tələb olunur.
“İyulun 22-dən işdəyəm. Hər gün israrla işdən çıxarılmağımın əsaslandırılmasını tələb edirdim. Səbəb kimi “Facebook”a tag edilməyim göstərilirdisə, rəsmi qaydada Azərbaycan qanunvericiliyinə uyğun olaraq çıxarılmağı tələb edirəm, amma könüllü olaraq ərizə yazmıram. Onlar deyirlər ki, Əmək Məcəlləsində belə bir maddə yoxdur.”

Bu sözləri AzVision.az-a açıqlamasında İctimai Televiziyanın əməkdaşı, jurnalist Esmira Qasımova deyib. E.Qasımova bildirib ki, dünən səhərə kimi jurnalistdən ərizə tələb olunub: “Mən dedim ki, nə istəyirsiniz edin, amma ərizə yazmayacağam. Hüququmu məhkəməyə qədər qoruyacam. Mənim məlumatıma görə, baş direktorun müavini Oktay Bayramov Analitik Proqramlar Departamentinin direktoru Anar Yusifoğludan, yəni mənim işlədiyim departamentin direktorundan guya mənim işə gəlib, işləməməyimlə bağlı təqdimat istəyib. Təbii ki, belə bir təqdimat yazılıb. Amma bəyan edim ki, mən İTV-nin redaktoruyam. Hər gün gəlib saytda gedən xəbərlərin redaktəsi ilə məşğul oluram. Təbii ki, bu məlum məsələlərdən sonra məni təhlükəli elan edərək, sayta yaxın buraxmırlar. Amma iş rejimimə əməl edərək, səhər saat 9-da gəlib, axşam saat 6-da gedirəm. Direktor müavini Oktay Bayramovun iddia etdiyi kimi, “çayxanada olmuram”. İşdən çıxarılmışamsa, bununla bağlı mənə məlumat verilməlidir, mənə heç kim heç nə deməyib. Hazırda işdəyəm. Ümumiyyətlə, İctimai Televiziyada işçinin işə qəbulu məsələsinə baş direktorun müavini deyil, baş direktor özü baxır, yəni hər şey onun əmri ilə olur. Yayım şurası var, dərəbəylik deyil, ictimai yayım hüququnu bilən hər bir kəs anlamalıdır ki, burada kimin xoşuna gəlmir işdən çıxarılmır”.

Jurnalist məsələ ilə bağlı İctimai Televiziyanın baş direktoru Cəmil Quliyevlə görüşdüyünü əlavə edib: “İyulun 10-da Cəmil Quliyevlə görüşdüm. C.Quliyev çox mədəni, alicənab və kübar bir insandır. Onun özü də etiraf etdi ki, biz sizi hansı hüquqla işdən çıxara bilərik? O dedi ki, siz məzuniyyətdəsiniz və qanuna əsasən, məzuniyyətdə olan adamın işdən çıxarılması yolverilməzdir. O söyləyib ki, məzuniyyətinizi başa çatdırın və işinizə davam edin. Mən də işimə çıxmışam. İşdən çıxmağımla bağlı müavin Oktay Bayramov xüsusi canfəşanlıq göstərir. Cəmil Quliyevi zərbə altında qoymaq istəmirəm, o adamın günahı yoxdur. Prezidentə yazdığım müraciətin mətni də hazırdır, onu göndərəcəm. İTV-dən isə məlumatla bağlı açıqlama ala bilmədik: “Məlumat verə bilmərik”.

Qeyd edək ki, E.Qasımova “Facebook”da dövlət başçısı əleyhinə paylaşılan bir kollaja özünün xəbəri olmadan işarələndiyinə görə ona işdən “könüllü getməsi” üçün təzyiq edildiyini deyir.

Nihadə Eyyubova
AzVision.az



Teqlər:  





Xəbər lenti