Qarabağın azərbaycanlı icması ATƏT sədrindən nəyi xahiş etdi?

Qarabağın azərbaycanlı icması ATƏT sədrindən nəyi xahiş etdi?
  30 İyun 2016    Oxunub:5207
“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bölgənin erməni icması ilə dünyanın istənilən yerində görüşməyə hazırıq”.

Bu barədə AzVision.az-a açıqlamasında millət vəkili, Dağlıq Qarabağ bölgəsnin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə heyətinin üzvü Rövşən Rzayev deyib.

O, deyib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerlə Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri arasında keçirilən görüşdə bu məsələ xüsusilə qabardılıb:

“ATƏT sədri ilə görüşümüzdə ona iki müracətimiz oldu. Bildirdik ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü ilə 2007-2009-cu illərdə Dağlıq Qarabağa, Şuşaya qısamüddətli səfərlər olub. Hazırda bu təşəbbüsün qarşısını ermənilər kəsib. Ondan xahiş etdik ki, bizə bu məsələyə yenidən qayıtmaqda yardımçı olsun.

Digər müraciətimiz isə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə erməni icmasının dialoqunun başlaması üçün ATƏT sədri olaraq öz dəstəyini verməsi oldu. Biz hesab edirik ki, dialoq başlanılsa, itirilmiş münasibətlər bərpa olunsa, bu, danışıqlar prosesinə öz müsbət töhfəsini verə bilər. Bu, bizim düşüncəmizdir. Həqiqətin necə olacağını deyə bilmərəm. ATƏT sədrinin diqqətinə çatdırdıq ki, biz uzun müddətdir dialoq axtarışındayıq, amma qarşı tərəf bunun qarşısın alır. Çünki, ermənilərin işğalçı düşüncə tərzi beyinlərindən hələ də çıxmayıb”.



R.Rzayev vurğulayıb ki, işğal altındakı toraqlarımız geri qaytarıldıqdan sonra hər iki icma birlikdə yaşamağa davam etməlidir: “Əminik ki, ölkə başçısının səyləri nəticəsində Azərbaycanın işğal olunmuş toraqları azad olunacaq və öz torpaqlarımıza qayıdacağıq. Orada da hər iki icma birlikdə yaşamağa davam edəcək. Təklif edirik ki, nə qədər tez icmalar arasında dialoq başlansa, icmalar arasındakı problemlərin aradan qaldırılması istiqamətində işləyə bilərik. ATƏT sədri isə cavabında bildirdi ki, bu təşəbbüsü dəstəkləyir və bu təşəbbüsə erməni tərəfinin münasibəti öyrəniləcək”.

R.Rzayev vurğulayıb ki, Azərbaycan tərfi olaraq icmalar arasında istənilən yerdə görüşə hazırdırlar: “Biz ATƏT sədrinə dedik ki, Dağlıq Qarabağda, Azərbaycanın digər yerlərində, hətta, Almaniyana da görüşə bilərik. Diqqətə çatdırıq ki, görüşə hazırıq”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti