Aksiyaların yaratdığı təhlükə

Aksiyaların yaratdığı təhlükə
  31 Yanvar 2013    Oxunub:2245
Jalə Tofiqqızı

Bəlli idi ki, 2013-cü il seçki ili olduğu üçün gərgin keçəcək. Amma il başlar-başlamaz siyasi gərginliyin yüksələn xətt üzrə getməsi seçki yaxınlaşdıqca vəziyyətin daha da ciddi olacağına dəlalət edir. Bir ay ərzində (nəzərə alsaq ki, bu bir ayın 7-si bayram günləri idi, onda hadisələr 21 gündə baş verdi) ard-arda 4-5 aksiyanın keçirilməsi ölkə üçün heç də yaxşı hal deyil.
Mən Misirdəki, Liviyadakı üsyanların kiçik bir insidentdən başlamasına diqqəti çəkmək istəmirəm. Hamı bilir ki, “ərəb baharı” adı ilə əsən külək yerli camaatdan deyil, xaricdən ixrac olunmuş tornadodur.
Öncə Azərbaycanda bu ay baş verən aksiyaların motivlərinə ardıcıllıqla baxaq.
1. Əsgər Ceyhun Qubadovun ölümü
2. Binə sahibkarlarının etiraz aksiyası
3. İsmayıllı olayı
4. İsmayıllı olayının bəhanəsi ilə Sahil bağında aksiya
5. Eyni gündə "Alov Qüllələri"nin işçilərinin keçirdiyi aksiya
6. Bunun ardınca sosial şəbəkələrdə Azərbaycanın müxtəlif bölgələrində müxtəlif səbəblərlə etiraz nümayişlərinin keçirilməsinə dair şayiələrin yayılması.
Və sair...
Başlanğıc. Əsgər ölümü. Bu, istənilən halda pis bir göstəricidir. Bu hadisəyə iqtidarın da, müxalifətin də, vətəndaş cəmiyyətinin nümayəndələrinin də, adi vətəndaşların da mövqeyi eynidir – mənfi.
Lakin bu kimi əsgər ölümü tək Azərbaycan ordusunda deyil, başqa dövlətlərdə də baş verir. Amma bundan heç bir xalqın müxalifəti öz mənafeləri naminə istifadə etmir. Ki, bizdə etdilər. Ceyhun Qubadovun anası oğluna görə aksiya keçirmək istəyənlərə çağırış etdi, bildirdi ki, Ceyhun üçün edirlərsə belə, bu aksiyaya ehtiyac yoxdur. Çünki o anlayırdı ki, Ceyhunun faciəli ölümü kimlərinsə əlində alətdir, vasitədir.
Yaxud Rasim Balayev. Rasim Balayevin istintaqa çağırılmasına görə bir qrup müxalifətçi gənc etiraz aksiyası ilə bağlı çağırış etdi. Rasim Balayev nə dedi? O, buna lüzum görmədi və müdafiəyə ehtiyacı olmadığını, rəsmi şəkildə Kinomatoqrafçılar İttifaqından getdiyini bəyan etdi. O, heç də bəzilərinin iddia etdiyi kimi təzyiqlər səbəbilə bu bəyanatı vermədi. Sadəcə, Rasim Balayev özünün kimlərinsə marağına xidmət edən motiv kimi istifadə olunmasını istəmədi.
Digər aksiyaların baş vermə səbəblərinin təfərrüatlarına toxunmayaq. Onsuz da bu barədə çox deyilib də, yazılıb da. Nə, necə baş verdi? Kim bundan necə və hansı məqsədlər üçün istifadə etdi? Adi insidentin, yaxud haqlı etirazın böyüməsini, genişlənməsini kimlər təşkil etdi?
Bu olanların arxasında hansı ölkələr, hansı dövlətlərin xüsusi xidmət orqanları durduğu barədə fikirlər səslənib. Bəllidir ki, bu gün istənilən kiçik bir hadisə kimlər üçünsə bəhanədir. Bölgələrlə bağlı hansısa aksiyanın baş qaldırmasına dair yayılan şaiyələr, əlbəttə ki, ölkədə çaxnaşma yaratmaq məqsədi daşıyır. Lakin burda incə bir məqam var. Etnik zəmin və Dağlıq Qarabağ məsələsi.
Etnik azlıqlar. Ötən il Qubada baş verən hadisəni xatırlatmaq istəyirəm. Hamı bilir ki, bu bölgədə yaşayanların əksəriyyəti ləzgi, avar və müəyyən qismi də yəhudilərdir. İsmayıllıda isə malakanlar çoxluq təşkil edir. Bu, məsələnin bir tərəfi.
Digər tərəfdən, öz təsdiqini tapmasa da, bu arada sosial şəbəkələrdə dindar müxalifətçi adı ilə “Dua aksiyası” gündəmə gətirildi. Lakin buna cəmiyyət tərəfindən reaksiya olmadığı üçün genişlənmədi. Amma bu istiqamətdə də xarici qüvvələrin öz işlərini aparacaqlarına dair heç bir şübhə yoxdur. Çünki məqsəd birdir - Azərbaycan daxilində siyasi durumu gərginləşdirmək, ölkəyə mümkün təzyiqləri artırmaq.
Demək ki, etnik qığılcıma dini, regionçuluq və s. kiçik zəminlər də əlavə edilərsə, ölkədə xaotik vəziyyətin yaranmasında maraqlı olan qüvvələr mövcuddur. Bu qüvvələr isə həm daxildə, həm də xaricdə var. Xarici qüvvələr məhz daxili ünsürlərdən istifadə edərək öz maraqlarına çatmağa cəhd edirlər. Daxili qüvvələr isə hakimiyyət hərisliyindən bir çox önəmli məsələlərin, dövlətçiliyin üstündən xətt çəkməyə hazırdırlar.
Bütün bunların fonunda, seçkiyə hazırlıq prosesində, seçkini kimin qazanacağı uğrunda gedən mübarizədə ən vacib olan məsələ - Dağlıq Qarabağ münaqişəsi tamamilə unudulur. Təbii ki, bundan seçki kampaniyasında önəmli kart kimi istifadə olunur. Amma ölkədə etnik, dini qarşıdurmanı alovlandırmaqda maraqlı olan xarici qüvvələrə dəstək verən daxili qüvvələr bunun nəticələrini göz önünə almırlar.
Deyək ki, Azərbaycanda etnik qruplar etiraza qalxdı. Ləzgi orda, talış burda, avar bir tərəfdə aksiyalar keçirdi. Çevriliş baş verdi, hakimiyyət dəyişdi. Amma... Amma yenə də ölkənin 1 nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmamış qalacaq. Lakin bu dəfə vəziyyət ermənilərin xeyrinə dəyişəcək. Ermənistan beynəlxalq tribunalardan bar-bar bağıracaq ki, “görürsünüzmü, biz öz torpaqlarımızı, Qarabağımızı, öz haqqımızı müdafiə etmişdik. İndi isə Azərbaycanda digər xalqlar öz haqlarını tələb ediblər. Öz ölkəsində müsəlman qardaşları ilə yola gedə bilməyən xalqla ermənilər necə yola gedə bilərlər? Azərbaycanda etnik xalqlar sıxışdırılır” və s.
Bununla da bizim Qarabağ məsələmiz “həll” olunur. Bundan sonra sən nə qədər hündürdən çığırırsan-çığır, yenə də beynəlxalq təşkilatlara, başqa dövlətlərə səsin çatmayacaq. Onsuz da xristian həmrəyliyi Dağlıq Qarabağ münaqişəsinin həllində öz rolunu oynayır. Bundan sonra isə Qarabağa tamamilə “Əlvida!” demək olar.


Teqlər:  





Xəbər lenti