Kim neçə medal qazandı?
Azərbaycan millisi yarışlarda 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Paralimpiya Oyunlarında 170-dək ölkədən 4000-dən çox idmançı iştirak edib. Onlardan yalnız Azərbaycan da daxil olmaqla 82 ölkənin idmançıları mükafatçılar sırasına düşə bilib.
Paralimpiya yığmamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri sırasında 6-cı, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb.
İki idmançımız “Rio-2016”da yeni rekordlara imza atıb. Belə ki, F-12 kateqoriyasında İradə Əliyeva nizə atma yarışında (42.58 ) Paralimpiya rekordunu, Yelena Çebanu isə 100 metr məsafəyə qaçışda (11.71) Avropa rekordunu yeniləyib.
Qeyd edək ki, idmançılarımız 20 il ərzində, 6 Paralimpiya Oyunlarında 9 qızıl, 18 gümüş, 11 bürünc olmaqla, 38 medal əldə edib. “Rio-2016”da Ramil Qasımovun qızıl medal əldə etməsi ilə Azərbaycanın Paralimpiya tarixində yeni bir səhifə açıldı. Belə ki, Paralimpiya çempionlarımızın sayı 7-ə yüksəldi. Onlardan iki nəfər ikiqat Paralimpiya çempionu və üçqat paralimpiya mükafatçısıdır.
AzVision.az