Xaricdə yaşayan azərbaycanlılar səs verir - Fotolar

Xaricdə yaşayan azərbaycanlılar səs verir -  Fotolar
  26 Sentyabr 2016    Oxunub:2949
Ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Türkiyədəki səfirliyində səsvermə sentyabrın 26-da Türkiyə vaxtı ilə saat 8.00-da (Bakı vaxtı ilə 9.00) başlayıb.
Burada 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 30 saylı seçki məntəqəsi fəaliyyət göstərir. Bu məntəqədə konsulluq qeydiyyatında olan 673 nəfər Azərbaycan vətəndaşı referendumda iştirak etmək hüququna malikdir. Səsvermənin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb.



Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay və Şimal əmirliklərindəki baş konsulluğunda 16 saylı Yasamal ikinci seçki dairəsinin tərkibində yaradılmış 42 nömrəli seçki məntəqəsi sentyabrın 26-da saat 8-də açılıb. Seçki məntəqəsinin sədri, baş konsul Pərviz İsmayılzadə bildirib ki, səsvermə prosesi vətəndaşların fəallığı şəraitində keçir.



Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin binasında da ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermə başlayıb. Rusiya ərazisində yaşayan və ya müvəqqəti bu ölkədə olan Azərbaycan vətəndaşları səsvermədə iştirak edəcəklər. Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri, məntəqə seçki komissiyasının sədri Ağalar Atamoğlanov bildirib ki, Moskvada 17 saylı Yasamal üçüncü seçki dairəsinin 48 nömrəli seçki məntəqəsində 1500 Azərbaycan vətəndaşı qeydiyyata alınıb. Səhər saatlarından artıq seçici fəallığı hiss olunur. Səfirlikdə referendumun keçirilməsi üzrə seçki komissiyası yaradılıb və ümumxalq səsverməsinin yüksək səviyyədə təşkili üçün lazımi tədbirlər həyata görülüb.



Səsvermə Moskva vaxtı ilə saat 8-dən 19-dək davam edəcək. Rusiya ərazisində Sankt-Peterburqda və Yekaterinburqda da seçki məntəqələri açılıb. Sankt-Peterburqda 956, Yekaterinburqda isə 200 seçici qeydiyyatdan keçib.

Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklər edilməsi məqsədilə keçirilən referendumla əlaqədar ölkəmizin İrandakı səfirliyində yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da səsverməyə start verilib. Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Səsvermə prosesinin Seçki Məcəlləsinin tələblərinə uyğun, səsvermə hüququna malik vətəndaşlarımızın referendumda iştirakının və seçki hüquqlarını sərbəst şəkildə ifadə etmələrinin təmin olunması üçün hər cür şərait yaradılıb. Hazırda səsvermə prosesi davam edir.

Səsvermədə Tehranda fəaliyyət göstərən Azərbaycan diplomatları, onların ailə üzvləri, bu ölkədə müvəqqəti yaşayan və ezamiyyətdə olan vətəndaşlarımız iştirak edirlər.

Azərbaycan Respublikasının Almaniyadakı səfirliyində də referendumla bağlı səsvermə başlanıb. Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı Azərbaycan Respublikasında keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səfirlikdə yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 32 saylı referendum məntəqəsi bu gün yerli vaxtla 08:00-da səsverməyə açılıb.

Məntəqədə Almaniyada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının həyata keçirilməsi üçün tələb olunan bütün zəruri hazırlıq işləri görülüb, səsvermənin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti