Nobel mükafatçısı AMEA-da

Nobel mükafatçısı AMEA-da
  28 Sentyabr 2016    Oxunub:2229
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Ədəbiyyat üzrə Nobel mükafatçısı, nigeriyalı yazıçı Vole Şoyinka ilə görüş keçirilib.
Bu barədə AzVision.az-a AMEA-dan məlumat verilib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görüşdə V.Şoyinkanın mübarizələrdə keçən həyatı və azadlıq eşqilə dolu yaradıcılığı haqqında ətraflı danışıb. V.Şoyinkanın təkcə ilk Nobel mükafatı alan Afrika yazıçısı deyil, ingilis dilində yaranan yeni ədəbiyyatın görkəmli nümayəndəsi olduğunu qeyd edən akademik İsa Həbibbəyli görkəmli yazıçının yaradıcılığının spesifik xüsusiyyətlərindən danışıb. Akademik İsa Həbibbəyli Nobel mükafatçısının əsərlərində Afrikada milli azadlıq hərəkatının dolğun ifadə olunduğunu bidirərək yazıçını həyatı, əsərləri, yaradıcılıq istiqamətləri barədə geniş və əhatəli söhbət açıb.

Sonra akademik İsa Həbibbəyli nigeriyalı yazıçı V.Şoyinkaya xatirə hədiyyələri təqdim edib.

Nobel mükafatı laureatı V.Şoyinka çıxış edərək ədəbiyyat aləmində ilk qələm təcrübələri, eləcə də Afrika ədəbiyyatının özəllikləri, milli azadlıq hərəkatı dövrü və ondan sonrakı ədəbiyyat barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Səhifələrində V.Şoyinkadan da bəhs edilən “Ədəbi Nobel antologiyası” əsərinin müəllifi Nadir Əbdülrəhmanlı, institutun elmi əməkdaşı Şükufə Əliyeva çıxış edərək nigeriyalı yazıçının bədii əsərləri və yaradıcılığı barədə danışıblar.

Yazıçı görüş iştirakçılarının onun yaradıcılığna maraq ifadə edən suallarını cavablandırıb.
Sonda Nizami adına Ədəbiyyat İnstitutuna dəvət olunduğu, ona ədəbiyyatşünas alimlərlə görüşmək imkanı yaratdığı üçün V.Şoyinka akademik İsa Həbibbəyliyə xüsusi minnətdarılığını bildirib.

Sonda görüş iştirakçıları V.Şoyinka ilə xatirə şəkilləri çəkdirib.

AzVision.az


Teqlər:





Xəbər lenti