Abidələri insanlar olan şəhər – Aqşin Yeniseyin Ankaradan fəlsəfi qeydləri

Abidələri insanlar olan şəhər – Aqşin Yeniseyin Ankaradan fəlsəfi qeydləri
  29 Sentyabr 2016    Oxunub:21770
Ankara... Sərmiş bayrağını göy üzünə!
Dikmiş gözlərini, sanki, əsəbi bir rəssamın
fırçasını əsgər yarasına batırıb
bir təpənin başı üzərinə çəkdiyi o qan ləkəsinə.


...Kapitan elan edir: min beş yüz kilometr məsafə qət edəcəyik, uçuş on min metr hündürlükdə və iki saat, iyirmi dəqiqə ərzində həyata keçiriləcək! Təyyarə sürünə-sürünə güc toplayır və asta bir təkanla havaya qalxır, sanki, sürünənlərin quşlara çevirildiyi təkamül prosesini canlandırır içindəki sərnişinlərə.

Qanada bitişik oturmuşam; həmişə aşağıdan yuxarı baxdığım bu hüdudsuz mövhumata bu dəfə yuxarıdan aşağı baxa-baxa düşünürəm ki, bəlkə də, ilk insan atdan, dəvədən əvvəl quşları minmək istəyib, amma oxu quşa yox, daşa dəyib. Ona görə quşun başın buraxıb, atın-eşşəyin quyruğundan yapışıb. Quşu, daha doğrusu, uçmaq ideyasını həsrət qaldığı əlçatmaz arzu kimi poetikləşdirib, guya, poeziya arzu olaraq qalan əbədi insan ehtiyaclarından başqa nədir ki? İnsanı ata minə bilməsi döyüşçü, dəvəyə minə bilməsi tacir etdiyi kimi, quşa minə biməməsi də şair edib (yalnız nağıllarıda Zümrüd quşunu xamlaya bilib). O, həmişə uçan quşlara üz tutub, altdan yuxarı onlardan hansı ölkəyə getdiklərini soruşub, atıldığı dibin, dibdəkinin dərdini danışıb; ona elə gəlib ki, başqa ölkələrdə yel əsib, qoz tökülüb.

Təyyara qaxdıqca Bakı, Xəzər dənizi, nəhayət, nəhəng dağlar dünyanın dibində qərq olur və yol ucaldıqca yolçunun içinə dolan məyusluğun adı sual cümləsinə çevrilir; insanlar necə də dərin bir dibə məhkumdur, necə bir çöküntü həyatı yaşayırlar?! Bu həyat dediyimiz nəyin çöküntüsüdür belə? Niyə belə acı dadır? Qorxularımız, ehtiraslarımız, ehtiyaclarımız hamısı bu dibdən gəlir, sadəcə, əlacsızlığı özünə yaraşdırmayan eqomuz bizə onların göydən, ucalıqdan endiyini, həm də məhz bizim üçün göndərildiyini söyləyir. Acizlik duyğusu həmişə müqəddəslik ehtiyacı yaradır. Həyat dibdəkilərin aqibətidir, suda da, quruda da. Bunu təyyarənin timsah yumurtasına oxşayan pəncərəsindən seyr etdikcə, bütün xoşbəxtlik axtarışları gözümdən düşür.

Səma qonşularım ata və qızıdır. Ata kəlməbaşı “allah qoysa”, “allah eləsin”, “allah eləməsin” ifadələrini elə şübhəli bir arxayınlıqla işlədir ki, onun qorxusu mənə də sirayət edir, əgər sağımda üçüncü adam olsa, mən də bu qorxunu onunla paylaşardım, o da özündən sonrakına ötürərdi və beləliklə, bu qorxu göyün yeddinci qatında bütün sərnişinlərə yayılıb kütləvi nevroza çevrilərdi. Axırda kapitan gəlib salona “Qorxmayın, mənə inanın” deyib öz peyğəmbərliyini elan edərdi və bizim yolçuluğumuz səmavi bir din olardı. Zarafatsız, qorxu elə bir şeydir ki, insanı nəyə desən inandırar, allah onların ən yaxşısıdır!

Televizordakı və yarımadadakı Türkiyə

Kapitan elan edir: Ankaranın “Esenboğa” hava limanına yaxınlaşırıq, lütfən, kəmərlərinizi bağlayın!

Bu da Ankara. Teymurləngin Sultan Bəyazidi əsir aldığı, türk tarixində oxşarı olmayan bir döyüşün baş verdiyi yastı təpəli düzəngahda tikilmiş qan rəngli şəhər. Təsadüfdənmi, ya bilərəkdənmi iki türk hökmdarının bir-biriylə döyüşdə axıtdığı qanlar bu qırmızı rəngli dördkünc binaların simasında simvollaşdırılıb. Bu təpələrdə 1402-ci ildə tökülən qanlar, sanki, hələ də daşlardan, divarlardan yuyulmayıb. “Esenboğa” adı da elə o döyüşdən yadıgardır. Bir dəfə bəstəkar dostumuz Firudin Allahverdidən eşitmişdim ki, Ankara yaxınlığındakı Çubuq təpəliyində baş verən döyüşdən sonra Teymurun iki sərkərdəsi Əsən və Boğa bu ərazilərdə qalıb yurd salırlar və indiki hava limanının adı da onların adından düzəldilib; “Esenboğa!”



Bizi əvvəlcə hava limanının çıxışında qoyulmuş külqabıların yanında dayanıb siqaret çəkən, bəzən ikisini, üçünü dalbadal çəkən yorğun sifətli qadınlar, ətrafa boylanıb iş haraylayan gümrah kişilər qarşılayıb, yol boyunca ürək açan güllərə və türk bayraqlarına ötürürlər.

Burada kiçik bir haşiyə çıxım: Haqq və hüquq eyni şey deyil. Hüquq haqqı qorumaq üçündür, amma bəzən haqqın ağzını elə hüquqla yumurlar. Məsələn, İranda qadınların təbii haqqları tapdalanır, amma hüquqları Avropa qadınlarından da möhkəm qorunur. Fransada isə qadın ümumi hüquqa malikdir, lakin onun qadın haqqları toxunulmazdır. Bizim ölkədə də barmaq hesabı götürsək, haqqlar hüquqlardan üstündür. Məncə, bu, hüquqların qorunub, haqqların tapdalanmasından daha yaxşıdır, çünki haqq daha təbii və daha əbədi olandır. Hüququ isə hər gün dəyişmək olar. Bizim oxucumuz üçün maraqlı olduğunu nəzərə alıb qadınların haqq və hüquqlarından növbəti yazıda ətraflı yazacağam.

Yol boyu Türkiyə “30 Ağustos Zafer Bayramı ve Türk Silahlı Kuvvetleri Günü”nü qeyd edir. Zəfər bayramı - əsl türk aristokratiyasının bayramıdır! Bir ay əvvəl bu küçələrdə dövlətin üstünə yeriyən tankların yerində indi irili-xırdalı bayraqlar və Atatürkün portretləri keşik çəkir. Paytaxt bu portretlərdən başına gələnlərə altdan-altdan gülümsəyir; sanki, üstüörtülü şəklidə “bu da keçər, nələr, nələr keçmədi ki” nəğməsini zümzümə edir yol boyunca. Türkiyəyə gələn bütün müsafirlər kimi məni də Atatürk qarşılayır, gah gülümsəyən dost, gah da parçalamağa hazırlaşan düşmən gözləriylə.

Atatürkə sağlığında da diktator deyənlər olub, amma elə xalqlar, yaxud xalqların həyatında elə dövrlər olur ki, demokratik, dünyəvi dəyərləri o xalqların milli şüuruna ancaq “dəmir əl”lə yeritmək mümkün olur. Çünki xalqı ənənələrin və ehkamların əlindən alıb sivil qanunların ixtiyarına vermək qurbansız mümkün olan iş deyil. Ədalət prinsipi bu işdə yaramır, çünki ədalət rəngləri seçmir, məsələn, tamah və ehtiyac üzündən edilən oğurluqlara eyni cəzanı verir. Güc isə tamahına görə oğurluq edənlə ehtiyacına görə oğurluq edənə fərq qoymağı tələb edir. Bəlkə də, insanların gücə ədalətdən daha çox pərəstiş etməsinin səbəbi budur. Atatürk gücün ədalətiydi.

Və burada başqa bir sual verib qayıdıram yenə Ankaranın küçələrinə: ictimai münasibətləri tənzimləyən hüquq və qanunlar işləməsə, allah xofu, iman sədaqəti ilə mədəni, sivil cəmiyyət qurmaq olarmı? Məsələn, Orta Asiya kimi ölkələrdə. O ölkələrdə ki, orada özünüz kölgədə uzanıb, yan-yörənizdəki acların birinə pul verib sizin əvəzinizə ibadət etməsini sifariş edə bilərsiniz.



Ankaraya ilk gəlişim olduğu üçün heç yeri tanımıram, gedəcəyim ünvanı isə telefonuma göndərilən şəkillərlə tapmalıyam. Qızılay meydanı. Yüküm ağır olsa da, bir az piyada gəzib Ankaranın ruhunu hiss etmək istəyirəm və ilk müşahidələrimin nəticəsi: televizorlardakı Türkiyə ilə Kiçik Asiya yarmadasındakı Türkiyə fərqli ölkələrdir. Televizorlardakı Türkiyə yarımadadakı Türkiyənin xəyallarıdır, arzularıdır, yalanlarıdır. Televizordakı Türkiyə daha çox müsəlman ölkəsidir, daha çox qorxuncdur, daha çox faciəvidir, daha çox xoşbəxtdir, daha çox göylərdədir və daha çox ölümü, ölməyi sevir.

Torpağın üstündəki Türkiyə daha çox dünyəvidir, daha çox qayğılıdır, daha çox gülərüzdür, daha çox bədbəxtdir, daha çox torpağa bağlıdır və daha çox yaşamağı sevir. Hər yerdə televizorlarda göstərilən Türkiyədəki dinlə demokratiyanın, hicabla açıq saçların, mentalitetlə mədəniyyətin, məscidlə məktəbin, professorla imamın, polislə vətəndaşın kavğasını axtarıram, amma hər yerdə dinlə demokratiyanın, hicabla açıq saçların, mentalitetlə mədəniyyətin, məscidlə məktəbin, professorla imamın, polislə vətəndaşın yanaşı yeridiyini görürəm.

İlk müşahidələrim məni inandırmağa çalışır ki, Türkiyədə din dövlətdən ayrılmasa da, cəmiyyətdən çoxdan ayrılıb, bizdə, Azərbaycanda isə əksinə, dövlət dindən ayrılsa da, din cəmiyyətdən ayrılmayıb və bizim ölkənin durumu bu konuda daha yaşdır. Düzdür, bizdə Türkiyə tarixindəki qədər siyasi-dini sifarişli qətillər olmayıb, amma etiraf edək ki, bizdə siyasi-dini fikirlərinə görə öldürüləsi həddə ucalmış adamlar da olmayıb, olubsa da biz də onları öldürmüşük. Ona görə mən bu məsələdə ümumi danışıram. Hind mənşəli ingilis yazıçısı Raymon deyir ki, sonradan inananlarda din nevroz xəstəliyi kimidir, çünki onlar inanclı olduqlarını addımbaşı sübut etməlidirlər. Ankaraya nisbətən Bakıda bu nevroz daha kütləvidir. Bakı dindarına nisbətən Ankara dindarı daha dünyəvidir, daha aydındır. O, təkcə özünün deyil, mənsub olduğu cəmiyyətin də aqibətini düşünə bilmək bacarığına yiyələnib. Onda bir dövlətçilik, millətçilik heysiyyatı var. Onun dini kimliyi milli kimliyini üstələməyib. O, ətrafına potensial din düşmənlərinin yaşadığı areal kimi baxmır, onun saqqalında, yaxud hicabında nümayişkaranəlik, “baxın, mən allahın bacısı nəvəsiyəm” ədası yoxdur, hətta bir az qadağaları təhdid edən azadlıq var; ən azı, hicabla siqareti barışdıra bilib. Onun baxışlarında özünü allaha başqalarından daha yaxın göstərmək iddiasının kini sezilmir. O, cümə namazına tələsir, amma bunu şənbə günü kiminsə başına qaxmaq üçün yox, özünün ruhani zövqü üçün eləyir. Amma bəlkə, mən də yanılıram, bəlkə də, burada dövlətdə din basqısı güclü olduğu üçün, cəmiyyətdə buna ehtiyac duyulmur. Amma bir şey gün kimi aydındır: Ankara dindarı öz inancını xalqına, dövlətinə qarşı qoymayıb, din ona dövlətini qorumaq üçün lazımdır, o, dinini yox, dövlətini qorumaq üçün özünü tankın altına atır. Əgər onun inancı nə vaxtsa dövlətinin özgürlüyünü təhdid edərsə, o, inancını dövlətinin azadlığına qurban verəcək qədər cəsurdur.

Tale və tarix

Ankarada əl dəyməmiş, yaşanmamış, üstündə həyat izi, ömür zədəsi olmayan bircə gözəllik belə yoxdur. Yeri gəlmişkən, Dostoyevski “dünyanı gözəllik xilas edəcək” dedikdə incəsənəti nəzərdə tutub, gözəllik salonlarını yox. Çünki Dostoyevskiyə qədər antik yunan fəlsəfəsi belə bir bölgü aparmışdı: elm insana fayda, din inam verir, incəsənət isə ona gözəllik, zövq bəxş edir. Bizim Bakıda öyrəşdiyimiz vitrin gözəlliklərinə burda rast gəlmək olmur, bizim əşyasayağı gözəlliklərə baxanda halına acıyırsan, yazığın gəlir bəzən.



“Hanı sənin canlı olduğunun, yaşadığının sübutu, hanı sənin hisslərinin üzündə qoyduğu izlər, hanı taleyinin gözlərinə çökmüş ağırlığı, hanı ömrünün başqalarından gizləməyə çalışdığın, amma hər sözündə, hərəkətində özünü fəxrlə gözə soxan zədəsi?!” - deyə dəsmal götürüb halına ağlamaq istəyirsən nakamlığından xəbərsiz olan belə gözmuncuğu gözəlliklərimizin. Məndən soruşan olsa deyərəm ki, mən özünə incəsənət əsəri kimi baxan insanı kamil hesab edirəm, məişət əşyası kimi baxanı yox.

Bizim Bakıdan fərqli olaraq Ankarada nakamlığa yer yox. Şəhərin dar məhlələrini gəzdikcə, qarşına hər yerdə üst-üstə yığılmış köhnə televizorlar, paltaryuyanlar, sınıq mebellər, hər künc-bucaqdan təkərli kisələrə kağız, plasmast toplayan zibilyığanlar çıxır. Hər şey ikinci, üçüncü, dördüncü dəfə yaşamaq üçün həyata qaytarılır, ölmək olmaz burda! Həyatın içində, yaşaya-yaşaya əriyib yoxa çıxacaqsan! Hökm belədir! Dəxli yoxdur, kasıb, ya varlı, sınıq, ya təzə, xəstə, ya sağlam, insan, ya əşya hər kəs, hər şey dönə-dönə yaşamaq eşqiylə vurnuxur.

Ankarada əşyanın belə bəlli bir tarixi var; Qoqolun təsvir etdiyi Akaki Akakiyeviçin şineli kimi. Bakıda tarix insanda hiss olunmur, adama elə gəlir ki, tarix hardasa uzaqlarda baş verir və ona görə baş verir ki, sadəcə, nə vaxtsa uşaqların oxuyacağı kitablara düşsün. Qarabağı nə qədər insanımız öz çöhrəsinə yansıda, taleyinin bir parçasına çevirə bilib? “Gülüstan”ının, “Türkmənçay”ın zədəsi yoxdu heç bir azərbaycanlının gözlərində. 1918-in heç bir izinə rast gələ bilməzsən bizim sadə azərbaycanlının adət-ənənələrində, əvəzində nə qədər desən ərəb, fars tarixinin məşəqqətlərini görə bilərsən. Gecə-gündüz imam Hüseynin taleyinə ağlayan, özünü öldürən azərbaycanlını ömründə bircə dəfə 1920-ci ilin yazındakı Azərbaycana görə ötəri də olsa, ah çəkən yerdə görə bilməzsən. Onun qəddində Şərqin ilk demikratik respublikasını qurmuş bir millətin qüruru da yox. Bundan ötrü öz tarixini, öz dövlətini mənəviyyatına çevirməlisən, biz isə hələ bizi işğal edənlərin təriqət faciələrinə ağlayırıq.

Bir ankaralının sifətində bütün türk dünyasının tarixi yatır sanki; İstanbulun fəthindən tutmuş Fətullah Gülənin fəsinə qədər. İstanbuldan, Bakıdan fərqli olaraq, Ankarada tarix daşda-divarda yox, insanların gündəlik həyatında hiss olunur. Tarix səninlə avtobusa minir, camiyə gedir, nə bilim, çiy köftə sifariş verir, yaxşı kişisənsə, qadın olub səni sevir, gözəl qadınsansa, kişi olub sənə aşıq olur və s. Bizim tale anlayışımızı isə Bakıda tarix müəyyənləşdirmir, inciməyin, bizim taleyimiz dolanşıq bəxtəvərliyi və məişət bədbəxtliyidir. Ankaralı hava limanından tutmuş qapının ağzındakı simitçiyə qədər bütün günü puldan danışır, amma bu onun mənəvi dünyası deyil, taleyi deyil, səthi, gündəlik qayğısıdır. Onun taleyi dərindədir, tarixdədir. O, tarixini taleyinə qurban verməyib, bizdən fərqli olaraq.

Kapitalist ölkədə sosializm

Bizim Bakıda və ölkənin əyalət mərkəzlərində boş-bekar adamların, çürük dişli sınıq-salxaq ara siyasətçilərinin, kitabdan gizlənən gənclərin məskəni kimi aşağıladığımız çayxanalara Ankarada hər binanın altında rast gəlmək olur. Hər binanın öz baqqalı, öz taksi dayanacağı olduğu kimi, öz çayxanası da var. Bizim qaldığımız binanın altındakı çayxanada hər gün sübh azanından əvvəl yuxulu çayxana əhlinin boğuq səsləri eşidilməyə başlayır, hava işıqlandıqca səslər də aydınlaşır və axşam azanından xeyli sonra bu səslər qorxunc və əcayib, bir az da kədərli səssizliyə çevrilərək qaranlıqda əriyib yoxa çıxır. Ankara çayxanalarda oyanır, çayxanalarda da yuxuya gedir.
Amma...
Amma Ankara çayxanalarında bizdəki kimi işsiz-gücsüz gənclər, nəlbəkini siyasi mübarizə meydanı hesab edib fırtına qoparacağı günün ümidiylə kürkünü günə yandıran siyasi qədeşlər, kitabxanaların yolunu tanımayan tələbələr cavan ömürlərini çürütmürlər, burada dincələn, çay içə-içə televizora baxan, qəzet oxuyan dövlətin özüdür, keşmişidir. Dövlətin verdiyi əməkli maaşı ilə ömrünü qoca yaşında özünə həsr edən əməklilərdir. Ankaranın çayxanalarının yanından keçə-keçə, yaşlı təqaüdçülərin (gənc tələbələrin yox) bir-birinə zarafatla dedikləri sözləri eşidə-eşidə fikirləşirəm ki, biz 70 il sosializmdə yaşamamışıq, sosializmdə kapitalist Türkiyəsi yaşayıb.



Sosializmin mənəvi izlərinə addımbaşı burada rəst gəlmək olur, o nə Lenindən miras qalan indiki Rusiyada, nə də onun keçmiş müstəmləklərində mövcud olub. Biz sosializmin yalnız səthi, inqilabi, barbar tərəfini yaşamışıq, onun mənəviyyatına, peyğəmbərliyinə enə bilməmişik. Biz kommunizmin qaragüruhunu sevmişik, mövhumatına inanmışıq. Biz kommunizmi “ac ol, kişi ol” cırtqozluğu kimi başa düşmüşük. Kommunizm bizdəki insanı yox, vəhşini tərbiyə edib və o vəhşi oxuyub, işləyib, ağıllanıb və əkiztayı insanın qəniminə çevrilib. Yəni rus kommunizmi bizi vəhşi gözündə görüb, insan gözündə yox. “Xruşovka” evlərdən tutmuş “Niva” markalı minik avtomobilinə qədər nə yaradıbsa, hamısını o vəhşi üçün yaradıb.

Bizdə sosializm fəhlənin bayramdan-bayrama geyinib özünü aristokrat zənn etdiyi ağ köynəkdən o tərəfə keçməyib. Bizdə sosializm mənəvi-irsi keyfiyyətə çevrilə bilməyib, kəmiyyət, çoxluq və çoxluğun məşhur qafiyyəsi kimi qalıb. Bizdə sosializm bir dövlət idealı, atributu kimi məhz qara camaatdan ucada, uzaqda saxlanılıb. Ümumiyyətlə, sovet sisteminin hər şeyi ideallaşdırması, siyasi-ictimai müqəddəsə çevirməsi və bunu ənənələşdirməsi bizim evimizi yıxıb. Üzeyir Hacıbəyovu, Qara Qarayevi ideallaşdırıb əsərlərinə qulaq asmamışıq, Axundovu ideallaşdırıb teatra getməmişik, elmi ideallaşdırıb alim olmuşuq, amma oxumamışıq. Muğama isə toxunmadığına görə onu asanlıqla cəmiyyətin içinə, toyxanaya, çayxanaya endirib hamılaşdırmışıq.

Frans Kafka yəhudilərin tarixi taleyini göz önünə alıb deyirdi ki, biz yəhudilər dünyaya qoca doğuluruq. Biz azərbaycanlılar da anadan qoca doğuluruq və bunun səbəbi tarix deyil, muğamdır, hamılaşdırdığımız, ruhumuzun dayəsinə çeviriyimiz muğam. Ankarada hörümçəklər qoruyan belə tor basmış ideallar, müqəddəslər yoxdu, nə varsa insanların həyatındadır, gündəlik yaşam menyularındadır. Türklərin Nazim Hikmətə soyuq münasibətinin də səbəbi budur ki, Nazimlər sovet sosializminin, yəni daha inqilabi, daha dağıdıcı sosializmin peşində idilər. Buradakı illərin sınağından çıxmış aristokratik dövlət dəyərləri (az sonra bu barədə yazacağam) məqsədi bəlli olmayan, azadlıqdan daha çox anarxiyaya səsləyən inqilabi romantikaya bu dövləti güzəştə getmədilər. O romantika ki, 70 il bizi xəyallarla ac-susuz yaşatdı və axırda qazancımız beş-altı keçəl şairdən başqa bir şey olmadı. Xahiş edriəm, bu yerdə rus-xristian mədəniyyəti ilə sovet hökumətinin sosial siyasətini eyniləşdirməyəsiniz. Türklər Nazimə qarşı çıxmaqla bütləşməyə qarşı çıxıblar, ədalətsiz bərabərliyə qarşı çıxıblar, anarxiyaya qarşı çıxıblar, sənətin siyasətə qurban verilməsinə qarşı çıxıblar, türk tarixinin təbii gedişatına uzadılan barmağa qarşı çıxıblar. Bizim 70 ildən sonra qazanc hesab etdiyimiz bir dəstə bir-birinə oxşayan şairlə bu gün yenidən geri qayıtdığımız yolu keçməsinlər deyə onlar bir şairlərini qurban veriblər.

Biz elə indi də kapitalizmin səthi, yırtıcı, güc olan tərəfini yaşayırıq. Sosializmdə varlının başından vurub əlindən aldığımız kimi, kapitalizmdə də kasıbın başından vurub əlindən alırıq. Budur bizim kökündən dəyişməli olduğumuz ideologiya anlayışımız!

Dövlət mənəviyyatı

İnsanlar dövlət qanunlarının müqəddəsliyinə öz azadlıqlarını ona görə qurban verirlər ki, bunun əvəzində onların dövlətdən gözləntiləri var və bu gözləntilərin birincisi dövlətin ədalətidir. Ədalət dövlət mənəviyyatının əsasıdır. Dövlətdə ədalət yoxdursa, onun gücü yalnız cəmiyyətlə özü arasındakı uçrumun dərinləşməsinə səbəb olacaq.

Ankarada apardığım qısamüddətli müşahidələrdən gəldiyim nəticə bu ki, xalq hakimiyyətlə dövləti bir-birindən ayrı təsəvvür edə bilir, dövlətin ədalətinə olan sarsılmaz inam ona bəzən hakimiyyətin buraxdığı səhvlərə göz yummağa da imkan verir. Bu inam bir prezidentin, bir baş nazirin sarsıda biləcəyi dəyər deyil. Türkiyə kənardan tarixən hərb aristokratiyasının yönəltdiyi bir ölkə kimi görünsə də, əslində, burada qanunların ədalətinin tərbiyəsində böyümüş demokratik bir aristokratiya mövcuddur ki, cəmiyyətin mənəvi dayanıqlılığını məhz bu təbəqə qoruyur, yaxşını mükafatlandırır, pisi cəzalandırır. Bu aristokratiya pulun, mülkün, gücün zənginliyindən deyil, ideyaların, təşəbbüskarlığın zənginliyindən qidalanır.



Tarixdən bilirik ki, hərbi aristokratiya get-gedə hakimiyyətin daralması, var-dövlət aristokratiyası isə acların inqilabı ilə məhv olur. Türkiyədə isə getdikcə xalqın içinə, dərinliklərinə uzanan fərqli bir aristokratiya var ki, bu da cəmiyyətdə elmin və sənətin tələb-təklif münasibətləri əsasında inkişafını təmin edir. Türk şairi, türk alimi arxasını məhz xalqın dərinliklərinə uzanmış bu aristokratiyanın gövdəsinə söykəyib. Çünki istənilən xalq kütləsi özü-özlüyündə, bələdçisi olmadan elmi, sənəti duya, anlaya bilməz. Yalnız aristokratik ehtiyaclar xalqda elmin və sənətin niyyətlərini dərk edib qiymətləndirmək üçün imkanlar yarada bilər. Ankarada, az qala, hər kəs tanımaq, qiymətləndirmək, kəşf etmək üçün fürsət axtarır. Yalnız sən özün bundan imtina edə bilərsən. Nümayişkaranə şəkildə pul qazanmağa və ibadətə tələsmək cəhdləri burada yuxarıda dediyimiz kimi, cəmiyyətin səthi, görünən, ən tez aşınmağa hazır olan qatıdır, dərinə getdikcə keçilməsi mümkün olmayan bir qata dirənirsən. Bu qat inancı din, kommunizm, millətçi, sağçı, liberal, turançı olmasından asılı olmayaraq hər bir türk vətəndaşının ayaqları üstündə dayandığı dövlət mənəviyyatıdır. Bu mənəviyyatı isə uzun illər ərzində qanunların ədalətində böyümüş, kapilyarları xalqın ən sonuncu insanının belə dərisində sezilən ədalətin dayəlik etdiyi demokratik aristokratiya yaradıb və indi də keşiyini çəkir. Bu mənəviyyata qarşı çıxan hər bir müqəddəsin aqibəti fəlakətdir.

P.S. Ankarada şair Xəqani Hasdan başqa hələ ki, heç kimi tanımıram, bu qeydləri isə gündəlik şəhər gəzintiləri zamanı apardığım müşahidələrdən götürmüşəm. Buradakı elm, sənət, səhiyyə, siyasi mühit haqqında daha bir neçə yazımız olacaq!

Aqşin Yenisey
AzVision.az



Teqlər:  





Xəbər lenti