`Çamsulvarayevin İŞİD-çi olduğunu bilmirdik` - Güləş Federasiyası

`Çamsulvarayevin İŞİD-çi olduğunu bilmirdik` - Güləş Federasiyası
  29 Sentyabr 2016    Oxunub:10124
Xəbər verdiyimiz kimi, Güləş üzrə Azərbaycan yığmasının İŞİD terror təşkilatına qoşulan sabiq üzvü Çamsulvara Çamsulvarayev İraqda öldürülüb.
Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayev AzVision.az-a bildirib ki, Çamsulvarayev 2010-cu ildən idman karyerasına son qoyub.

“Çamsulvarayev 2010-cu ildən idmandan uzaqlaşıb. Həmin vaxtdan onun haqqında məlumat ala bilmirdik. Federasiyanın təlim-məşq toplantılarında da iştirak etmirdi. Düşünürdük ki, yəqin idmandan uzaqlaşıb, şəxsi işlə məşğuldur. Çamsulvarayevin İŞİD-ə qoşulmasından xəbərimiz olmayıb. O, millidə olan zaman digər idmançılar kimi məşq edir, yarışlara hazırlaşırdı. Onun İŞİD-ə qoşulmasını bu gün mətbuat vasitəsilə öyrəndik”.

Qeyd edək ki, Çamsulvarayev İraqa getdikdən sonra adını dəyişib və “Al Bara” adını götürüb. Çamsulvarayevin öldürülməsini Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk təsdiqləyib.

Məlumatda deyilir ki, Çamsulvara Dağıstandan olan başqa bir yaraqlı, “Əbu Zeyd” ləqəbli Məhəmməd Əhmədovla birgə öldürülüb.

Sərbəst güləş yığmamızın sabiq üzvü Çamsulvara Çamsulvarayev 2007-ci ildə Bakıda keçirilən Dünya çempionatında bürünc medal qazanıb. 2009-cu ildə keçirilən Dünya çempionatında isə gümüş medalın sahibi olub. Yığmamızın sabiq üzvü 2009-cu ildə keçirilən Avropa çempionatının qızıl mükafatını qazanıb. Həmçinin Avropa çempionatının 3 dəfə bürünc mükafatçısı olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti