Ermənistanın yeni oyuncağı, yoxsa `İsgəndər` şousu? - TƏHLİL

Ermənistanın yeni oyuncağı, yoxsa `İsgəndər` şousu? - TƏHLİL
  30 Sentyabr 2016    Oxunub:15302
İrəvanda Ermənistanın 25 illiyi ilə bağlı keçirilən hərbi paraddan sonra orada nümayiş etdirilən Rusiya istehsalı “İsgəndər” operativ-taktiki raket komplekslərinə dair aktiv müzakirələr davam edir.

AzVision.az “Vestnik Kavkaza”ın mövzu ilə bağlı araşdırma yazısını təqdim edir:

-Hərbi ekspert Pavel Felhenhauer Rusiyanın Ermənistana “İsgəndər” raketlərini satmasına əmin olmadığını deyir:

Bir çox məlumatlarda “İsgəndər”in Rusiyanın Gürmrüdəki hərbi bazasına məxsus olduğu bildirilir. Sosial şəbəkələrdə müasir hərbi texnikanı İrəvana küçələrinə çıxaran 102-ci hərbi bazanın rus əsgərlərinin fotoları yayılıb ki, bu da nümayiş olunan “İsgəndərlər”in “icarə”yə götürməsi barədə şübhələri dəqiqləşdirir.

Rusiya Müdafiə Nazirliyi və “Rosoboroneksport”un da Ermənistana silah satması barədə rəsmi məlumat yaymayıb.



Digər tərəfdən qeyd etmək lazımdır ki, Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin erməni tərəfinə uçuş radiusu 280-300 kilometr olan “İsgəndərlər”in eksport versiyasının satıldığını dolayı yolla təsdiqləyib. Valınkin “Azadlıq” radiosunun erməni bürosuna açıqlamasında bildirib ki, Ermənistana “İsgəndərlər”in satılması ölkələr arasında müvafiq razılaşma və dostluq, tərəfdaşlıq əlaqələrinin olduğunu göstərir.

Rusiyalı diplomatın Cənubi Qafqaz regionu üçün vacib olan məsələ haqda belə bəyanat səsləndirməsi yəqin ki, əvvəlcədən Rusiya XİN-lə razılaşdırılıb.

“İsgəndərlər”in Ermənistan Silahlı Qüvvələrinin istifadəsinə daxil olmasına Azərbaycan tərəfi də reaksiya verib. Müdafiə sənayesi naziri Yavər Camalov “ADEX-2016” beynəlxalq müdafiə sənayesində Azərbaycanın uçuş radiusu 280 kilometr olan ballistik raket istehsal edəcəyinin anonsunu verib.

Düzdür, Ermənistanla müharibə konteksində Azərbaycan ordusunun bu cür uzaq mənzilli raket kompleksinə ehtiyacı olub-olmaması tam aydın deyil. Çünki, Azərbaycan ordusunun malik olduğu İsrail istehsalı olan “Ekstra” (130 kilometr uçuş radiusu) ballistik raketləri onsuzda Ermənistan paytaxtını vurmaq iqtidarına malikdir. Burada söhbət daha çox psixoloji faktordan (Ermənistan üzərində tam hərbi üstünlüyün göstərilməsi), həmçinin Azərbaycanın hərbi sənaye kompleks sahəsində ixrac perspektivini genişləndirməkdən gedir.

Fikrimizcə, İrəvanda hərbi parad zamanı “İsgəndərlər”in nümayişi ilə baş tutan şou ilk növbədə daxili auditoriya üçün nəzərdə tutulub. Hərbi-siyasi komandanlıq ilk növbədə aprel döyüşləri zamanı Dağlıq Qarabağda ciddi itkilərdən (söhbət həmçinin ərazi itkilərində də gedir) sonra Ermənistan ictimaiyyətini sakitləşdirmək istəyir.

Paradda göstərilən “İsgəndərlər” məhz buna xidmət edir.

“Sasna Çrer” qruplaşması tərəfindən İrəvanda polis bölməsinin tutulması bir daha Ermənistan əhalisi arasında anti-Rusiya əhval ruhiyyəsinin həqiqi səviyyəsini göstərdi. Həmin günlərdə Ermənistanda sosial şəbəkələr anti-Rusiya statusları ilə “partlayır”, qeyri-populyar Serj Sarkisyan komandası “Moskvanın qulları” adlanır, aprel döyüşlərindəki hərbi uğursuzluğa görə məsuliyyət birbaşa Kremlin üzərinə qoyulurdu. Son həftələrdə isə Ermənistan rəhbərliyi sosial narazılığın səviyyəsini aşağı endirmək üçün əhalinin inamını itirən Ovik Abramyanın rəhbərlik etdiyi hökuməti istefaya göndərdi, həmçinin xalqa “İsgəndərlər” kimi “möhtəşəm” görüntü təqdim etdi.

2015-ci ildə olduğu kimi rəsmi İrəvan Moskava ilə münasibətlərdə “Maydan” kartından istifadə edərək 200 milyon güzəştli kredit üzrə silah çatdırılması məsələsində rusiyalı tərəfdaşlarını tələsdirdi. Yeri gəlmişkən, bu kredit postsovet məkanında Qərb ssenarilərini xatırladan “Elektrik İrəvan” etirazlarından sonra ruslardan qazın qiymətinə edilən güzəştlərlə eyni xarakterə malikdir. Həmin vaxt İrəvan öz məqsədlərinə nail olmaq üçün artan sosial narazılıq fonunda Moskvanın bu ölkədə rəngli inqilab qorxusundan istifadə etdi. Təəssüflər olsun ki, Ermənistanda anti-Rusiya əhval ruhiyyəsi artıq uzun illərdir erməni cəmiyyətinə hopub, erməni diplomatiyası isə ənənəvi olaraq Qərbdə avropalı və ABŞ siyasətçilərinin simpatiyasını qazanmaq üçün “Avropaya can atan, lakin avtoritar Rusiya tərəfindən qarşısı kəsilən xristianlar” kartından istifadə edir.



Teoritik olaraq, əgər Ermənistan ordusunu “İsgəndərlər”i varsa, raketlər Bakını vura bilər. Lakin burada bir faktı nəzərə almaq lazımdır ki, bu raketlər yalnız nüvə başlığı quraşdırılacağı təqdirdə müharibənin gedişini dəyişə biləcək total dağıntılara səbəb ola bilər. Hər bir raketin dəyərinin çox yüksək olduğu nəzərə alınsa, Ermənistanın “İsgəndərlər”dən aktiv şəkildə istifadə edəcəyi ağla batan deyil. Lakin bu yaxınlarda Ermənistanın sabiq baş nazirinin qalmaqallı “çirkli bomba”ya malik olmaları barədə çıxışı rəsmi Bakının bu məsələdə ehtiyatlı olması anlamına gəlir. Bundan əlavə bu ilin aprel ayında qaçaqmalçıların “qara bazar”da 200 milyon dollar müqabilində “Metsamo”r AES-dən uran-238 maddəsini satmağa cəhdi, Ermənistanda radioaktiv tullantılara lazımı nəzarətin olmamasını sübut edir. Ermənistan hərbçilərinin “çirkli bomba” ilə birgə “İsgəndərlər”dən istifadə etməyəcəyi variantını birmənalı olaraq kənara qoymaq lazımdırmı? Böyük ehtimalla nə Azərbaycan, nə də Ermənistan paytaxtlara zərbələr endirməyi planlaşdırmır. Əgər Dağlıq Qarabağda yenidən müharibə başlasa, onda Azərbaycanın işğal altında yerləşən erməni separatçıları və Ermənistan Silahlı Qüvvəllərinə qarşı anti-terror əməliyyatları aparılacaq. Hərbi əməliyyatların yalnız işğal altındakı torpaqlarda məhdudlaşması isə münaqişə tərəflərinin KTMT və Türkiyə tərəfindən saxlanılması ilə bağlıdır. Lakin müharibələr heç vaxt planlaşdırılan ssenari ilə getmir və “çirkli bomba” məsələsi Ermənistana “İsgəndərlər”in mümkün çatdırılması kontekstində yenidən aktuallaşır.

Tərcümə etdi: Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti