Sarkisyana qarşı çıxan milyarder siyasətə qayıdır

Sarkisyana qarşı çıxan milyarder siyasətə qayıdır
  13 Oktyabr 2016    Oxunub:2632
Çiçəklənən Ermənistan Partiyasının (ÇEP) yaradıcılarından olan erməni deputat, Milli Olimpiya Komitəsinin rəhbəri, “Multy Group” konserninin prezidenti və Ermənistanın ən varlı insanlarından biri Qaqik Çarukyan yenidən böyük siyasətə qayıdır.
AzVision.az xəbər verir ki, bu barədə “Aykakan Jamanak” nəşri ÇEP-də olan mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ÇEP-in növbədənkənar qurultayı noyabr ayında keçiriləcək.

“Qurultay zamanı partiya daxilində yeni vəzifə - ÇEP Şurasının sədri yaradılacaq. Bu vəzifəni partiyanın sabiq lideri Qaqik Çarukyan tutacaq. Qeyd edək ki, Çarukyan ötən ilin fevral ayında qalmaqallı hadisələrdən sonra partiya rəhbərliyindən çıxıb, lakin partiyanı tərk etməyib”, - deyə nəşr yazıb.

Məlumata görə, partiyanın hazırki lideri – ÇEP-in parlament fraksiyasının rəhbəri Naira Zoqrabyan noyabr ayında keçiriləcək qurultayında yenidən rəhbər vəzifəsinə seçiləcək.

ÇEP-in parlament fraksiyasının sədri Vaqe Enfiacyan bəyan edib ki, xalq Çarukyanın böyük siyasətə qatılmasını tələb edir.

Qeyd edək ki, ÇEP 2004-cü ildə yaradılıb. 2015-ci ilin martında Çarukyan prezident Serj Sarkisyanla arasında olan fikirayrılığına görə partiyadan istefa verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti