SSRİ-nin qadın nazirinin intihar və ölüm sirri – GİZLİ TARİX

SSRİ-nin qadın nazirinin intihar və ölüm sirri – GİZLİ TARİX
  18 Oktyabr 2016    Oxunub:28135
Bəhram Çələbi
AzVision.az üçün

Onu III Yekaterina da adlandırırdılar. İşgüzar və emosional Yekaterina Furtseva həm məhəbbət, həm də ədavətə layiq idi. Çox çətin bir dövrdə özünə gözəl karyera qazanmış bu qadının taleyi roman və ya kinofilmə layiqdir.

1930-cu ildə Yekaterina birinci əri Pyotr Bitkovla tanış olur. Yaşayışın çətin olmağına baxmayaraq, onlar çox xoşbəxt idilər. Həyat yoldaşı cəbhəyə yollanan zaman Yekaterinanın otuz iki yaşı vardı. Kuybışevdə evakuasiyada olarkən onun Svetlana adlı qızı dünyaya gəlir. Bu hadisədən bir neçə ay sonra Furtseva Moskvaya qayıdır. Lakin çox keçmədən onun həyatında dəyişiklik baş verir. Cəbhədən ezamiyyətə gəlmiş Pyotr Bitkov ona başqa qadını sevdiyini etiraf edir. Pyotr çox yaraşıqlı kişi olduğudan qadınların diqqətini cəlb edirdi.

Təbiətən çox aktiv olan Yekaterina bu zərbəni dəf etmək üçün gecə-gündüz çalışır, ictimai fəaliyyətini davam etdirirdi. Sonra isə onun Stalin və ələxüsus Xruşşovla tanışlığı baş verir və tez bir zamanda Furtseva Sov.İKP MK Rəyasət Heyətinə üzv seçilir. Artıq 1955-ci il noyabrın 7-də Rəyasət Heyətinin Kremlin möhtəşəm zallarında keçirilən qəbulda xanım Furtsevanın Voroşilov, Pervuxin və digər rəhbər işçilərlə rəqs etdiyini görmək olardı. Təkcə Xruşşov rəqs meydançasına girməkdən imtina etmişdi.



1954-cü ildən Furtseva paytaxtın kommunist təşkilatına rəhbərlik etməyə başlayır. Əvvəllər isə bu postda Xruşşovun özü idi.
Furtsevanın qızının dediklərindən: "İlk dəyişiklik bizə bağ verilməsi oldu. Sonra isə şəxsi ev, tövlə, hamam, kater və hətta üstüaçıq avtomobil. İkinci imtiyaz isə ondan ibarət idi ki, bizə öz evimizdə çoxlarının əli çatmadığı xarici filmlərə tamaşa etmək, istənilən teatra bilet tapmaq, yayda dəniz kənarında dincəlmək, xüsusi mağazalardan kitab və geyimlər almaq imkanı verilmişdi".

1954-cü ildə Yekaterina Furtseva Nikolay Firyubin adlı diplomata ərə gedir. Furtsevanın məhz ona könül verməsi təəccüblü deyildi. O, Yekaterina üçün xarici səfərlərdən gözəl hədiyyələr gətirir, onun hər bir istəyini dərhal yerinə yetirirdi. Furtseva daim eleqant görünməyinə baxmayaraq, öz geyim stilini dəyişir. Məhz Firyubinin sayəsində onun vücudunda xüsusi bir füsunkarlıq əmələ gəlir. Buna baxmayaraq, Furtsevanın yeni ömür yoldaşı barədə çox az adam xoş sözlər deyirdi. Daxilən dəyişkən və şıltaq şəxs olan Firyubin Furtsevaya görə öz həyat yoldaşı və iki övladını atmışdı.

Əvvəlcə onlar arasında çox isti münasibətlər mövcud olsa da, tədricən problemlərlə üzləşməyə başlayırlar. Yekaterina Furtseva isə siyasətlə məşğul olmaqda davam edir və Xruşşovun ən sevimli adamlarından birinə çevrilirdi. Deyilənlərə görə hətta bir müddət onların çox sıx münasibətləri olmuşdu. Belə ki, bir qrup yüksək rütbəli məmurlar Nikita Xruşşova qarşı iğtişaş hazırlayarkən onu xilas edənlərdən biri də Furtseva olur.



Mədəniyyət naziri təyin edildikdən sonra o, böyük həvəslə həmin sahədəki problemlərin həlli ilə məşğul olmağa başlayır. Onun mədəniyyət işləri üzrə nə zaman ixtisaslaşması barədə soruşduqda Furtseva qətiyyətlə cavab verir ki, mədəniyyət məsələləri məni həmişə maraqlandırıb. Bu zaman onun həyatı çox zəngin qrafik üzrə davam edir, istedadlı və məşhur şəxslərlə dostluq edir, görüşlər keçirir, səfərlərə çıxır və çıxışlar edirdi.

Məlumdur ki, Furtseva Armand Hammerlə dostluq edirdi. Və bir dəfə Hammer SSRİ Mədəniyyət nazirindən Maleviçin "Qara kvadrat" rəsmini hədiyyə alır. Bir sözlə, onun yüksəlişi göz qabağında idi...

Lakin 1961-ci ildə gözlənilmədən onu Siyasi Büronun üzvlüyündən kənarlaşdırdıqda Furtseva damarlarını kəsərək intihar etməyə cəhd göstərir. Amma həkimlərin səyi nəticəsində ölümün pəncəsindən xilas olunur. Buna baxmayaraq, o, uzun müddət güclü əsəb stressindən müalicə alır.

Bəzilərinin dediyinə görə Furtseva öz istefası ilə barışmayaraq bu addımı atmışdı. Amma heç də hamı belə düşünmürdü. Yaxınlarının fikrincə, bu addımın daxilində sonsuz dərəcə inam bəslədiyi adamın (onu Siyasi Bürodan Nikita Xruşşov çıxarmışdı) xəyanəti gizlənmişdi.



Bu hadisədən sonra Yekaterina tam gücü ilə həyatla mübarizə aparmağa çalışır. Axı evdə qızı böyüyürdü. Lakin nə xoşbəxtlik vardı, nə də ki məhəbbət. İçməyə başlayır. Sonradan daha bir zərbə ilə üzləşir. Onun şəhərkənarı evi ətrafında böyük qalmaqal yaranır. Guya qanunsuz tikilmiş bu ev əsl şantaj və hədə-qorxu hədəfinə çevrilir. Onu bir çox işlərdə günahlandırırdılar. Furtseva üçün isə ictimai rəy çox şey demək idi.

Təhqirlərə dözməyən Furtsevanın komissiya yaradılıb hər şeyə aydınlıq gətirilməsi xahişi də cavabsız qalır. Çünki belə araşdırmalar bir çoxlarına sərf etmirdi. Az sonra Furtsevaya töhmət verərək bağını da müsadirə edirlər.

Hər şey faciə ilə sonlanır. Belə ki, 24 oktyabr 1974-cü il tarixində Yekaterina Furtseva dünyasını dəyişir. Tibbi sənədə görə Furtseva kəskin ürək çatışmazlığından, digər versiyaya görə zəhərlənmədən keçinmişdir. Əhali arasında dolaşan şayiəyə görə isə intihara səbəb Furtsevanın spirtli içkiyə qurşanması olmuşdu.


Teqlər:





Xəbər lenti