Məşhur `Əfqan qızı` həbs edildi

Məşhur `Əfqan qızı` həbs edildi
  26 Oktyabr 2016    Oxunub:5580
“National Geographic” jurnalının üz qabığında çıxan məşhur “Əfqan qızı” Şərbət Gula həbs olunub.

AzVision.az “Nat-geo.ru” saytına istinadən xəbər verir ki, qadın saxta pasportdan istifadə etdiyi üçün Pakistanda saxlanılıb.

Pakistan Federal Araşdırma mərkəzi Gulaya saxta pasport verən 3 pakistanlının isə axtarışda olduğunu açıqlayıb. Hazırda Gula Pakistan həbsxanasında məhkəmə qərarını gözləyir. Ona saxta pasport istifadə etməsinə görə 7 ildən 14 ilə qədər həbs cəzası verilə bilər. Bundan əlavə 3000 ABŞ dolları da cərimə ödəməli olacaq.

Qeyd edək ki, foto “Əfqan qızı” adıyla 1985-ci ilin iyun ayında "National Geographic" jurnalının üz qabığında çıxıb. Fotonu 1984-cü ilin dekabr ayında jurnalist Stiv Makkurri çəkib.

Yaşıl gözlü, qırmızı yaylıqlı, düz kameraya baxan gənc qız Qərbdə çoxlu şərhlərə səbəb olub, ictimaiyyət bu fotoya böyük maraq göstərib.

Fotonu bir çox cəhətlərinə görə Leonardo da Vincinin “Mona Liza” portretinə bənzədiblər və ”Birinci dünyanın üçüncü dünya Mona Lizası” adlandırıblar.

Bu foto günümüzdə Şərq ölkəsində yaşayan, Qərbdə mərhəmət doğuran qaçqın qızların simasına çevrilib.

Fotodakı qızın öz şəxsiyyətilə isə ciddi şəkildə 2002-ci ildə maraqlanıblar. Məlum olub ki, Şərbət Qula milliyyətcə puştudur, 1972-ci ildə doğulub, başqa bir soyadı Bibidir - Sharbat Bibi. Fotosu çəkilən vaxt Sovet İttifaqı Əfqanıstana hücum etdiyinə görə Pakistana qaçıb, qaçqın kimi ora sığınıbmış.

1984-cü ildə Gula şagird olub, Nasir Bağ qaçqın düşərgəsində məktəbdə oxuyurmiş. O zaman fotonu çəkəndə jurnalist Makkuri onun adını soruşmayıb.

Onun fotosu jurnalın tarixində "ən çox tanınan foto", jurnalın həmin sayı isə üz qabığına görə ən məşhur saylarındandır.

1990-cı illərdə jurnalist Makkuri onu tapmaq üçün bir neçə dəfə cəhd edib, amma cəhdlər səmərəsiz olub.

Bununla bağlı 2002-ci ilin yanvar ayında “National Geographic” jurnalından bir komanda Əfqanıstana səfər edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti