Qalmaqal: Pentaqon Çin kəşfiyyatının torunda – Konqresdə xüsusi dinləmə olacaq

Qalmaqal: Pentaqon Çin kəşfiyyatının torunda – Konqresdə xüsusi dinləmə olacaq
  28 Oktyabr 2016    Oxunub:8263
ABŞ hökuməti ölkənin milli təhlükəsizlik sistemində olan boşluqlara görə ciddi narahatlıq keçirir. Noyabrın 16-da Konqresin Amerika-Çin münasibətlərinin iqtisadi və təhlükəsizlik aspektləri ilə bağlı xüsusi komissiyasında Çin kəşfiyyatının ABŞ-dakı fəaliyyətilə bağlı hesabat açıqlanacaq. Artıq hesabatın bəzi detalları mediaya sızıb.

AzVision.az Washington Free Beacon-a istinadla bildirir ki, hesabata görə, Çin casusları dəfələrlə ABŞ-ın milli təhlükəsizlik strukturlarına sıza, Pentaqonun məxfi sənədlərini oğurlaya biliblər. Onlar həmçinin FBI və ABŞ-ın Sakit Okean Komandanlığınının qərargahında da (USPACOM) geniş casusluq fəaliyyəti göstərirlər.

2014-cü ildə podpolkovnik, USPACOM-ın əməkdaşı Bencamin Pirs Bişop (Benjamin Pierce Bishop) etiraf edib ki, məxfi sənədləri münasibətdə olduğu çinli qadına göstərib. Həmin sənədlərdə ABŞ-ın nüvə silahı ilə bağlı məxfi hərbi planları, MQ-9 Reaper pilotsuz təyyarəsi ilə bağlı məlumatlar və ABŞ-ın Çin strategiyasının gizli detalları olub.

USPACOM-un digər yüksək rütbəli əməkdaşları da Çin kəşfiyyatının toruna düşüblər.

FBI-a gəlincə, qurumun İT-əməkdaşlarından biri Kun Şan Co Çun etiraf edib ki, büronun gizli izləmə texnologiyalarını Çin kəşfiyyatına ötürüb. Bundan başqa, 5,6 milyon barmaq izləri çinlilərin əlinə keçib ki, onların da çoxu ABŞ-ın gizli agentlərinə məxsusdur. Ötürülən digər biometrik materiallardan istifadə edərək, çinlilər məxfi faylları aça bilərlər.

Konqressin Komissiyası həmçinin Çini ölkənin kompüter şəbəkəsinə saysız-hesabsız kiberhücumlarda da ittiham edir.

Tariyel Həsənov
AzVision.az

Həmçinin oxuyun:
ABŞ-ın məxfi məlumatları oğurlanıb - Yeni Snouden qalmaqalı



Teqlər:  





Xəbər lenti